“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Maynts” bir futbolçusu ilə sağollaşıb. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, müdafiəçi Pyerr Benqtssonun bu mövsüm komandaya kömək etməyəcəyi dəqiqləşib.
Çünki İsveç millisinin sol cinah oyunçusu “Bastiya” klubuna icarəyə verilib. Cari mövsümü Fransa klubunda keçirəcək Benqtssonun “Maynts”la müqavilə müddəti 2018-ci ilin yayına qədərdi. Almanların idman direktoru Ruven Şreder bildirib ki, bu addımı atmaqda məqsədləri 28 yaşlı futbolçunun oyun praktikasından əziyyət çəkməməsi olub.
2011-ci ildən İsveç millisinə çağırılan Pyerr Benqtsson “Maynts”a ötən yay “Kopenhagen”dən keçmişdi.
Qeyd edək ki, “Maynts” qrup mərhələsinin II turu çərçivəsində sentyabrın 29-da “Qəbələ” ilə Bakıda üz-üzə gələcək.