“Etiraf edim ki, birinci hissədə bizə çətin oldu. “Qəbələ” çoxlu qol epizodları yaratdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində bu gün “Qəbələ”nin qonağı olan paytaxt təmsilçisi 3:4 hesabı ilə uduzub.
Matçla bağlı fikirlərini bildirən Svanadze bunları deyib: “Özünüz oyunu seyr etdiniz, komandanın vəziyyətini gördünüz. Uşaqlar yorğun idilər. Çoxlu zədəlilərimiz var. Bunların fonunda komandamın göstərdiyi oyundan razıyam. Bürünc medal qazandıq. Buna görə, futbolçuları təbrik edirəm. İndi bizi mövsümün sonuncu matçı gözləyir. Həmin görüşə hazırlaşacağıq. Ondan sonrasına baxarıq”.
- Bu oyunu mövsümün matçı adlandırmaq olarmı?
- Razıyam. Uşaqlar sərbəst oynadılar. Buna görə də, açıq, maraqlı futbol getdi. Amma 4 qol buraxmağımızı istəməzdim. “Qəbələ” daha yaxşı qollar vura bilərdi, lakin o epizodları dəyərləndirə bilmədilər. Əvəzində bütün qolları rəqibə “hədiyyə etdik”. Bunu futbolçuların yorğunluğu ilə də əlaqələndirmək olar. “Kəpəz”lə görüşdə daha bir neçə oyunçuya istirahət verə bilərəm.
- Bir çox futbolçularınızın arxasınca düşməyə başlayıblar. Bəs sizin xidmətinizdə maraqlı olan klub varmı?
- Xeyr (gülür). Məni yox, amma uşaqları istəyən komandalar var. Eşitdiyimə görə, Səlahət Ağayev artıq “Neftçi” ilə müqavilə bağlayıb. Nizami Hacıyev də 99,9 faiz “Neftçi”də çıxış edəcək. Tərlan Quliyev də böyük ehtimalla, “Neftçi”yə keçəcək, o da bu klubdan təklif alıb. Uşaqlara təşəkkür edirəm.
- Bu notlarla çempionatı bitirib, yeni mövsümə başlamağa hazırsızmı?
- Biz yeni mövsümə başlamağa həmişə hazırıq. Amma klubun gələcək aqibəti heç kimə məlum olmadığından, heç nə deyə bilmirəm. Əgər yaxşı olacaqsa, biz növbəti mövsümdə çıxış etməyə hazırıq. Çətin dövrlər keçmişik.
- Rauf Əliyevin oyunu ilə bağlı nə deyə bilərsiz?
- Son zamanlar özünü yaxşı tərəfdən göstərir. Raufun oyununu yüksək qiymətləndirirəm. Axır vaxtlar çoxlu qol vurur. İnanıram ki, “Kəpəz”lə matçda da fərqlənə biləcək. Çox cəhd edir.