İgiltərə Premyer Liqasının 36-cı turunda “Çelsi” ilə qarşılaşan “Midlsbro” 0:3 hesablı məğlubiyyətə üzülüb. Apasport.az saytının məlumatına görə, bu nəticə ikincilərin Premyer Liqanı tərk edəcəyi 2 tur öncədən rəsmiləşib.
Belə ki, hazırda aktivində 28 xal olan və 19-cu pillədə qərarlaşmış şimali yorkşirlilər son iki oyunda qalib gəlsələr belə 17-ci sıradakı “Suonsi”yə (35 xal) çata bilməyəcəklər.
Maraqlıdır ki, daha əvvəl aşağı dəstəyə düşməsi rəsmiləşmiş “Sanderlend”dən sonra eyni vəziyyətlə barışmalı olan “Middlsbro” bu “uğuru” rekord sayda – 4-cü dəfə yaşayıb.
Artıq Çempionşipdən Premyer Liqaya yüksələcək iki komandanın adına da aydınlıq gəlib. Bunlar “Nyukasl” və “Brayton”dur.