“Açığı, Miltinyonu o qədər də yaxından tanımıram. Amma Rusiyada, “Qazprom” komandasında işlədiyini bilirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında futzal məşqçisi Hacıbala Abdullayev deyib.
Tino Peresin vaxtında millidə köməkçi məşqçi funksiyasını yerinə yetirmiş Abdullayev yığmamızın yeni çalışdırıcısı Milton Luiz Ziller Juniorla da birgə işləməyə hazırdı.
Bu təyinatı yüksək qiymətləndirən Abdullayev hələ ki, ona Miltinyonun köməkçisi vəzifəsinin təklif edilmədiyini bildirib: “Yeni baş məşqçinin güclü əlaqələri var, işi bilir. Təbii ki, onunla birgə işləmək mənim üçün xoş olar. Amma hələ belə bir təklif almamışam. Təklif gəlsə, razılaşaram”.
Təcrübəli çalışdırıcı Miltinyonun gəlişindən sonra yığmamızda yeni futzalçıların olacağını istisna etməyib: “Ölkəsinin tanınmış məşqçilərindəndi. Məncə, yığmamıza köməyi dəyəcək. Braziliyalı olması çox şeydən xəbər verir. Bir sözlə, Miltinyo elə-belə məşqçi deyil. Yığmamız onun rəhbərliyi altında daha güclü komandaya çevrilə bilər. Millimizin oyun üslubu braziliyalı məşqçilərinin tərzinə yaxındı. Ola bilər ki, yığmada yeni adlar görəcəyik. Dediyim kimi, Miltinyonun əlaqələri güclüdü”.
Abdullayev millimizin Kolumbiyada keçiriləcək dünya çempionatında yaxşı çıxış edəcəyinə inanır: “Qarşıda yığmamızı güclü sınaq gözləyir. Dünya çempionatında iştirak edəcəyik. Komandamız qrupdan çıxacaq. Buna 100 faiz inanıram, şübhəm yoxdu”.