[b]“Müəllimin komandası”[/b]
07.07.2017 - 13:32
[b]“Müəllimin komandası”[/b]

Avropa Liqasının II təsnifat mərhələsində Bakı “İnter”i ilə qarşılaşacaq “Fola” klubunun maraqlı yaranma tarixi var. Apasport.az saytının məlumatına görə, Lüksemburqun cənub-qərbindəki Eş-sür-Alzet şəhərinin təmsilçisinin əsası 1906-cı ildə qoyulub.

 

111 il əvvəl ingilis dili müəllimi Jan Reder Lüksemburqda ilk futbol klubunu yaradıb. Maraqlıdı ki, 1907-ci ildə qırmızı-ağ rənglərə boyanan klub indiyədək buna sadiqdi.

 

“Fola” ev oyunlarını “Stad Emil Mayriş”də keçirir. Bu arena 3900 tamaşaçı tutumuna malikdi.

 

“Müəllimin komandası” ölkə futbolunun liderliyini ələ keçirib. 1917/18 mövsümündə ilk çempionluğunu bayram edən “Fola” 1917-1924-cü illərdə 4 qızıl, 3 gümüş medala yiyələnib. Həmin illərdə komanda iki dəfə ölkə kubokunu da başı üzərinə qaldırıb.

 

1930-cu ildə 5-ci çempionluğunu əldə edən Eş təmsilçisi 1955-ci ilədək ön sıralarda olub. Həmin vaxt 3-cü dəfə ölkə kubokunu qazanan və gümüş medal sayını 7-yə çatdıran “Fola” uzun müddətə mövqelərini əldən verib.

 

Düzdü, 1972/73 mövsümündə kubokun finalında çempiona uduzması onları avrokubokda debüt etməyə qədər daşıyıb. Bolqarıstan “Beroe”si isə Kuboklar kubokundakı siftəni korlayıb – 0:7, 1:4.

 

Uzun illər aşağı dəstələrdə “sürünən” “Fola” şəhərin daha adlı-sanlı klubu “Jeness”in kölgəsində qalıb. Sonuncuların flaqmanı özünə birləşdirmək cəhdləri baş tutmayıb. Çünki “Fola” dirçəliş yolunu başqasına birləşməkdə deyil, öz inkişafında görüb.

 

2007-ci ildə Mərakeş yığmasının üzvü Mustafa Hacını heyətinə qatmaqla özü üçün transfer inqilabı edən “Fola” 1 il sonra yüksək liqaya vəsiqə əldə edib.

 

Öncə çempionatın gümüşünü qazanan eşlilər 2011/12 mövsümündə isə ilk avrokubok xalı qazanıldı. Lakin İsveç “Elfsborq”u keçilməz olub – 1:1, 0:4. Növbəti mövsüm tarixi uğurla yadda qalıb. 83 ildən sonra çempion olan “Fola” prinsipial rəqibi “Jeness”i 5:1 yenməklə bu uğuru rəsmiləşdirib.

 

Çempionlar Liqasında debüt Zaqreb “Dinamo”su önündə tamamlanıb – 0:5, 0:1. Maraqlıdı ki, 2 il sonra – 2014/15 mövsümündə sonuncu çempionluğunu bayram edən klub avrokubokda yenə zaqreblilərə “ilişib”. Xorvatiya təmsilçisi yenə mərhələ adlayıb – 3:0, 1:1.

 

Bu illərdə Avropa Liqasındakı daha iki çıxış uğursuz alınıb. 2014-cü ildə İsveç “Höteborq”u (0:2, 0:0), 2016-cı ildə Şotlandiya “Aberdin”i (1:0, 1:3) daha güclü olub.

 

Lüksemburq millisinin sabiq futbolçusu Ceff Ştrasserin çalışdırdığı komanda ötən mövsümü 3-cü pillədə başa vurub. “Düdelanj” və “Differdanj”dan 9 xal geri qalan  Eş təmsilçisi 4-cü olan “Proqres”i 12 xal qabaqlayıb.

 

6 dəfə avrokubokda erkən dayanan “Fola” tarixinin ilk uğurunu dünən rəsmiləşdirib. Moldova “Milsami”sini dayandıran (2:1, 1:1) eşlilər tarixində ilk dəfə mərhələ keçib və “İnter”ə rəqib olub.