Bakının “Neftçi” klubu uğursuzluq zolağından çıxa bilmir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi artıq 5 matçdı qələbə həsrətindədi.
“Ağ-qaralar” sonuncu dəfə aprelin 15-də AZAL-ı məğlub edib. Həmin 4:0 hesablı qələbədən sonra bakılılar qalib gəlməyib.
Həm Premyer Liqada, həm də ümumilikdə 133 gündü qələbə həsrətində olan “Neftçi” bu müddətdə 5 oyun keçirib. 5 matçlıq qələbəsiz seriya ötən mövsüm start götürüb.
“Zirə”ylə 2:2 edib, sonda texniki məğlubiyyət alan “ağ-qaralar” ardınca “Qarabağ”a yenilib – 1:2.
Cari mövsümə də ağdamlılara məğlubiyyətlə (1:3) başlayan “Neftçi” “Səbail”ə də 0:1 hesabı ilə uduzub. 4 matçlıq xal həsrəti “Kəpəz”lə dünənki matçda başa çatıb – 0:0. Lakin qələbə həsrəti ən azı Premyer Liqanın IV turunadək davam edəcək.
Sentyabrın 10-da “Sumqayıt”ın qonağı olacaq “Neftçi” həmin görüşə 148 günlük qələbəsizliklə çıxacaq.