Topaz Premyer Liqasının XXXI turunda “Neftçi” və “Zirə” arasında keçiriləcək oyuna təyinat alan Fariz Yusifov “ağ-qaralar” üçün uğursuz hakimdi. Apasport.az saytının məlumatına görə, Azərbaycanın ən titullu klubu cari mövsümdə bu hakimin idarə etdiyi görüşlərdə qələbəyə həsrətdi.
Bunadək 3 dəfə “Neftçi”nin qarşılaşmasına təyinat alan sabiq FİFA hakimi iki rəqib arasında XXIII turun görüşündə də fit çalmışdı. İdarəçiliyi müzakirə mövzusu olan həmin oyunda “Zirə” 3 cavabsız qolla “Neftçi”ni biabır etmişdi.
Fevralın 27-də baş tutmuş görüşün 43-cü dəqiqəsində Cavid İmamverdiyevi qovmaqla, səfərdə çıxış edən “ağ-qaralar”ı azlıqda qoyan Yusifov ikinci hissədə vurulan qollardan sonra darmadağın qeydə alıb. Meydan sahibləri həmin oyunda 4, qonaqlar isə qırmızıya çevrilən xəbərdarlıqlardan başqa, 1 sarı vərəqə almışdı.
Yusifovun fit çaldığı digər iki qarşılaşmada da “Neftçi” qələbə qazana bilməyib. I turun “Kəpəz”lə ev (0:0), VI turun “Qarabağ”la səfər (1:1) görüşlərin hər birində bakılıların qazancı 1 xal olub. Yusifov Ağdam təmsilçisi ilə matçın sonunda mübahisəli penalti ilə “Neftçi”ni qələbədən də məhrum edib.
Heç-heçə bitən bu görüşlərin ikisində də meydan sahibi komandaya 2, qonaqlara 5 vərəqə verən referi “Kəpəz” üçün əlini cibinə atdığı epizodların birində qırmızıdan istifadə edib.
“Zirə” isə əksinə, sabiq FİFA referisinin idarə etdiyi matçlarda uğurlu çıxış edib. Düzdü, III və XI turun “İnter”lə matçları qolsuz bitib. 2016-cı ildə “Qəbələ” ilə hər iki qarşılaşmada (1:0, 2:1), “Neftçi” ilə ev oyununda (3:0) Yusifov debütantın 3 xalını qeydə alıb. Bu matçlarda penalti qərarı verməyib, yalnız 1 qırmızı vərəqədən istifadə edən hakim İmamverdiyevi cəzalandırıb. Ümumilikdə isə Yusifov zirəlilərə 17, rəqiblərinə 10 vərəqə göstərib.
Cari mövsümdə 15 çempionat oyununun baş hakimi olan təcrübəli fit sahibi 87 vərəqə (39-u meydan sahibləri) göstərib ki, bunun 3-ü qırmızı (hamısı qonaqlara) vərəqə verib. 3 dəfə qonaqları (1-i qeyri-dəqiq), 2 dəfə meydan sahiblərini penalti ilə cəzalandıran referi bunların 4-də qol görüb.
Yusifovun baş hakim olduğu matçlarda 7 dəfə ev sahibi olan komanda qələbə qazanıbsa, qonaqlar 2 dəfə sevinib. Digər 6 oyunda qalib müəyyənləşməyib.