[b]“Neftçi” "Xəzər Lənkəran"la oyuna itkilərlə yollanacaq [/b]
29.02.2016 - 12:22
[b]“Neftçi” "Xəzər Lənkəran"la oyuna itkilərlə yollanacaq [/b]

Topaz Premyer Liqasının XXIII turunda “Zirə”yə böyük hesabla (0:3) məğlub olan “Neftçi”də əhval-ruhiyyə ürəkaçan deyil. Apasport.az saytının məlumatına görə, paytaxt klubunda futbolçulara istirahət verilməyib.

 

Komanda vaxt itirmədən Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Xəzər Lənkəran”la keçiriləcək qarşılaşmanın hazırlığına başlayıb. Bu gün bir məşqlə kifayətlənəcək baş məşqçi Əsgər Abdullayev sabah da səhər məşqi ilə səfər öncəsi hazırlığı tamamlayacaq. Komanda günorta saatlarında isə Lənkərana yola düşəcək.

 

“Neftçi” “Xəzər Lənkəran”la matça heç də tam heyətlə yollana bilməyəcək. Zədədən əziyyət çəkən müdafiəçi Məqsəd İsayev, yarımmüdafiəçi Kamran Nəcəfzadə və hücumçu Məhəmməd Qurbanov yenə komandaya kömək edə bilməyəcəklər.

 

İki həftədən çoxdu bu kluba dönməsinə baxmayaraq, “siftə” etməyən hücumçu Nikolas Kanales isə hələ də fərdi məşqlərlə kifayətlənir. Qarşılaşmanın keçirilməsinə 2 gün vaxt qaldığını nəzərə alsaq, çilili forvardın da Lənkərana aparılmayacağını düşünmək olar.

 

Qeyd edək ki, martın 2-də keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” oyunu saat 14:00-da başlayacaq.