“Neftçi” yeni antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Topaz Premyer Liqasının başa çatan mövsümünü 7-ci ev məğlubiyyəti ilə bitirib.
Belə ki, öz meydanında “Qarabağ”a 1:2 hesabı ilə yenilən Elxan Abdullayevin yetirmələri doğma azarkeşləri önündə keçirdiyi 14-cü matçda 7 dəfə xalsız qalıb. Ev matçlarının yarısında uduzan “Neftçi” Azərbaycan çempionatları tarixi üçün özünün yeni antirekordunu rəsmiləşdirib.
“Ağ-qaralar” indiyədək heç vaxt bir çempionatda 7 və daha çox ev məğlubiyyəti almamışdı. Bunadək ən pis nəticə ötən mövsümə aid idi. 2015/16 mövsümündə bakılılar 6 belə yenilgi almışdı.
XXI turun “Zirə” ilə matçında (1:2) həmin antirekordu təkrarlayan komanda mövsümün son turunda “nailiyyət”ini yeniləməyə də imkan tapıb.
Qeyd edək ki, 2016/17 mövsümündə çoxsaylı antirekordlara imza atan “Neftçi” ümumi məğlubiyyət sayında (17), buraxılan qollarda (45), az qol vurmaqda (24), ən böyük hesablı məğlubiyyət almaqda (0:8), avtoqol sayında (5) da tarixinin bərbad nəticəsini rəsmiləşdirib. Qələbə sayı (9) və heç-heçələrdə (2) isə ən aşağı göstəricinin təkrarı qeydə alınıb.