[b]Ramin Musayev: “Neftçi” məni təəccübləndirmir, heyfsiləndirir - MÜSAHİBƏ[/b]
28.10.2015 - 16:27
[b]Ramin Musayev: “Neftçi” məni təəccübləndirmir, heyfsiləndirir  - MÜSAHİBƏ[/b]

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasında I dövrə artıq başa çatıb. Çempionat ürəyiniz istəyən kimi keçir?

- Ümumi vəziyyəti nəzərə alsaq, qənaətbəxş saymaq olar.

 

- Məlum səbəblərdən çempionatın səviyyəsinin aşağı düşəcəyi gözlənilirdi. Sizcə, ötən mövsümlə müqayisədə hansı fərqlər var?

- Səviyyənin aşağı düşdüyünü demək olmaz. Çünki maraqlı oyunlar gedir. Gənc yerli futbolçularımıza özlərini göstərmək üçün şans yaradıldı. Ola bilər ki, ötənilkinə nisbətən səviyyə bir az aşağı düşsün. Ancaq bu gün yerli futbolçulara üstünlük verilməsinin bəhrəsini yaxın iki ildən sonra görəcəyik.

 

- Öz təşkilatçılığınız ürəyinizcədi?

- Təşkilatçılıqla bağlı problem yoxdu. Bütün işlər qaydasında gedir. Hələlik hansısa nöqsan görməmişik.

 

- “Qarabağ”la “Qəbələ”nin digərlərindən aşkar güclü olmaları çempionatda gərginliyi azaltmır?

- Hər iki komandanın digər klublara nisbətən güclü olduğunu demək olar. Amma ötən turdakı nəticələr onu göstərdi ki, heç də belə deyil. Klublarda çıxış edən yerli gənc futbolçular onlara verilən bu şanslardan istifadə edirlər. İstər “Sumqayıt”ın “Qarabağ” üzərində qələbəsi, istərsə də “Zirə”nin “Qəbələ”dən 1 xal alması onu göstərdi ki, klublarımızda normal futbolçular var. Üstəlik, “Zirə” yeni yaranmış komandadı. Mətbuatın iddia etdiyi kimi “Qarabağ”la “Qəbələ”nin aşkar güclü olması fikri ilə razı deyiləm. Geridə qalan tur göstərdi ki, vəziyyət belə deyil.

 

- Yəqin ki, sizi ən çox “Neftçi” təəccübləndirər...

- “Neftçi” məni təəccübləndirmir, heyfsləndirir. “Neftçi”də peşəkar futbolçular var. Sadəcə, bu komanda “qara zolağ”a düşüb. Yəqin ki, baş məşqçi Samir Əliyev uşaqların normal oyun göstərmələrini bacaracaq. Onun futbol biliyinə mənim şübhəm yoxdu. Gənc məşqçidi, heyətdəki gənc futbolçular da özümüzünkülərdi. İnanıram ki, yaxın turlarda “Neftçi” öz oyununu göstərə biləcək.

 

- Bəs yaxşı mənada hansı komandanın çıxışı sizi təəccübləndirdi?

- “Sumqayıt”ın, “Zirə”nın, həmçinin “İnter”in çıxışı xoşuma gəlir.

 

- “Kəpəz”lə “Zirə”nin uğurlu çıxışını görüb düşünmürsünüz ki, yayda onları Premyer Liqaya götürməklə doğru addım atmısınız?

- Əvvəla həmin vaxt Premyer Liqaya gələcək başqa komanda da yox idi. Bəzən deyirlər ki, o klubu yox, bunu götürərdiniz. Hansı klubların maddi durumu və sənədləri qaydasında oldu, onlar da Premyer Liqada iştirak etməyə layiq görüldülər. Sözsüz ki, çempionatda 10 komandanın olması sevindirici hal deyil. Biz də istərdik ki, 16-18 komanda mübarizə aparsın. Nə qədər çox komanda olarsa, oyunçu sayı da bir o qədər çox olar. Milli komandanın baş məşqçisinin də işini çətinləşdirmiş olarıq ki, seçimində daha diqqətli olsun. 10 komandanın iştirakına sevinmirik. Ancaq bir məqamı düzgün qeyd etdiniz. “Kəpəz”lə “Zirə”nin gələn kimi gözəl oyunu onu göstərdi ki, biz onları Premyer Liqaya gətirməkdə yanılmamışıq.

 

- Hansı klubların AFFA-ya borcu var?

- (gülür). Hamısının. Borcu olmayan yoxdu.

 

- Heç narahatlıq keçirirsiniz ki, hansısa komanda mövsümün gedişində fəaliyyətini dayandıra bilər?

- Yox, belə bir şey görmürəm. Maliyyə problemi bütün komandalarda var. Ötən mövsümə baxanda, bu il azdı. Ancaq bu o demək deyil ki, hansısa komanda çempionatın sonuna qədər maddi problem ucbatından çempionatdan çəkilə bilər. İnşallah, bu il belə bir şey olmayacaq.

 

- Hakimliklə bağlı yenə narazılıqlar olur. Siz hakimliyi necə dəyərləndirirsiniz?

- Digər ölkələrdəki çempionat oyunlarına baxsanız, deyərsiniz ki, bizimkilərə çox şükür.

 

Ruslan SADIQOV

0