[b]“Neftçi” Tiflisdə qalmaqal yaratdı[/b]
01.06.2017 - 22:38
[b]“Neftçi” Tiflisdə qalmaqal yaratdı[/b]

“Neftçi”nin  U-10 komandası Tbilisidə təşkil edilən SSRİ-nin əməkdar idman ustası Nodar Axalkatsinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 4-cü yeri tutub. Apasport.az saytının məlumatına görə, qrup birincisi kimi 1/4 finala vəsiqə qazanmış komanda bu mərhələdə “Dinamo məktəbi”nə (U-10) 2:0 hesabı ilə qalib gəlib.

 

Hər iki qolu Lorenzo Mezzotero vurub. Lakin yarımfinalda “Dinamo akademiyası” (U-10) səddi keçilməz olub – 0:3.

 

“Neftçi” “Saburtalo” ilə 3-cü yer uğrunda qarşılaşmada 2:0 hesabı ilə irəlidə olsa da, sonda qələbəni əldən verib – 2:2. “Ağ-qaralar”ın heyətində Lorenzo Mezzotero və Ömər Nəsibov fərqləniblər. Oyunsonrası penalti seriyasında məğlub olan komanda 4-cü yerlə kifayətlənməli olub.

 

“Neftçi”nin turnirdəki digər təmsilçisi U-9 isə qalmaqalla üzləşib. 1/4 final mərhələsində “Neftçi” (U-9) – “Dinamo məktəbi” (U-9) oyununun ilk hissəsindən (1:2) sonra rəqib klub bunadək U-10 komandasında da oynamış futbolçu Lorenzo Mezzoteronun U-9-un formasını geyinməsinə etiraz edib.

 

“Neftçi” rəsmiləri 2008-ci il təvəllüdlü, yəni 9 yaşlı futbolçunun həm U-10, həm də U-9-un heyətində meydana çıxmasının reqlamentə zidd olmadığını sübuta yetirmək istəsələr də, rəqib komanda etirazından əl çəkməyib. Nəticədə “ağ-qaralar” birinci hissədə qol vurmuş Lorenzo Mezzoteronun xidmətindən fasilədən sonra yararlana bilməyib. Bununla belə, Vüsal Kərimovun qolu sayəsində hesabı bərabərləşdirməyə nail olan komanda oyunsonrası penalti seriyasından qalib ayrılaraq, yarımfinala vəsiqə qazanıb.

 

Lakin təşkilatçılar Lorenzo Mezzoteronun ilk hissədə meydanda olduğunu əsas gətirərək, komandaya texniki məğlubiyyət veriblər. Belə olduğu halda, “Neftçi” haqsızlığa etiraz əlaməti olaraq 5-ci yer uğrunda oyuna çıxmaqdan imtina edib.