“Neftçi”nin sabiq baş məşqçisi Hans-Yurgen Gede özünə yeni komanda tapıb. Apasport.az saytının Vyetnam mətbuatına istinadən məlumatına görə, 60 yaşlı mütəxəssis bu ölkədə çalışacaq.
Belə ki, Vyetnam Futbol Federasiyası rəsmi saytı vasitəsilə almaniyalı mütəxəssisi baş məşqçi postuna gətirdiyini bəyan edib. Azərbaycan yığmasında bir müddət Berti Foqtsun da köməkçisi vəzifəsində çalışmış Gede anlaşmaya əsasən, avqustun 1-dən etibarən Vyetnam millisinin “sükanı” arxasına keçəcək və 2 il müddətinə bu komandanı çalışdıracaq.
Vyetnamlılar “Neftçi”ni dağıtmış məşqçinin ölkədə gənc futbolçuların yetişməsinə böyük töhfə verəcəyini düşünürlər. Vyetnam mətbuatı federasiyanın hələ 2011-ci ildə də Gede ilə maraqlandığını, lakin həmin vaxt digər alman mütəxəssis Falko Getslə anlaşdığını yazıb.
Qeyd edək ki, Hans-Yurgen Gede 2008/2009 mövsümündə “Neftçi”ni çalışdırıb. Həmin vaxt bir neçə aparıcı futbolçunu qovan almaniyalı komandanın 9-cu yeri tutmasına səbəb olmuşdu.