[b]“Neftçi”nin braziliyalısının durumuna aydınlıq gəldi[/b]
12.05.2016 - 15:22
[b]“Neftçi”nin braziliyalısının durumuna aydınlıq gəldi[/b]

Topaz Premyer Liqasının XXXIV turunda “Kəpəz” üzərində səfər qələbəsi (2:1) qazanan “Neftçi”də futbolçulara istirahət verilməyib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, paytaxt təmsilçisi bu gün “İnter”lə görüşün hazırlıqlarına başlayıb.

 

Dünən Gəncədə meydana çıxanlar bu gün bərpa xarakterli, digərləri isə tam məşq keçiblər. “Kəpəz”lə görüşün 58-ci dəqiqəsində zədələnərək əvəzlənən Aylton Silvanın da durumuna aydınlıq gəlib. Braziliyalı müdafiəçinin vəziyyətinin ciddi olmadığı məlum olub. Sadəcə, Gəncədəki qarşılaşmada ayağında ağrı hiss edən Ayltonu məşqçilər korpusu riskə atmamaq üçün əvəzləyib.

 

Ondan fərqli, Xuan Alberto Melli və Nikolas Kanales hələ də kollektivə qoşulmayıblar. Bir müddətdi zədədən əziyyət çəkən ispaniyalı müdafiəçi və çilili hücumçu fərdi məşqlərlə kifayətlənirlər. Onların həftəsonu “İnter”lə paytaxt derbisini buraxmaq ehtimalları da yüksəkdi.

 

Qeyd edək ki, “Neftçi” - “İnter” oyunu mayın 15-də keçiriləcək.