“Zaqrebdəki turnir çox böyük əhəmiyyətə malikdi. Rəqiblərimiz yetərincə güclüdü və bizə heç də asan olmayacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiyanın “Nasional” klubunun baş məşqçisi Kuytim Morina deyib.
Təcrübəli mütəxəssis futzal üzrə UEFA kubokunun elit-raundunun startı öncəsi yarış haqda fikirlərini açıqlayıb. O, bu gün qarşılaşacaqları Azərbaycan çempionu “Araz”ın gücünü etiraf edib: “Yuqra” və “Araz” çox təcrübəli komandalardı. Bu klubların özəyi braziliyalılardan təşkil olunub. Bu legionerlər meydanda çox hərəkətlidirlər. Onlar meydanın istənilən nöqtəsində təhlükəlidi. Lakin bu iki komanda ilə başabaş mübarizə apara biləcəyimizi düşünürəm. Ötən illərlə müqayisədə heyətimiz çox dəyişib. Bu amil komandamızın gücünü heç də azaltmayıb. Biz uğur qazanıb, “Dördlər finalı”na yüksəlməyə iddialıyıq”.
Qeyd edək ki, “Araz”la “Nasional”ın yer aldığı B qrupunda Rusiyanın “Yuqra” və Almaniyanın “Hamburq” klubları da mübarizə aparacaq.