[b]“PAOK 2 görüşdə 4 xal toplaya bilsə...” - FOTO[/b]
17.10.2016 - 12:39
[b]“PAOK 2 görüşdə 4 xal toplaya bilsə...” - FOTO[/b]

“Bu oyunda əsl PAOK-u görmədim. Komandanın hücum yollarında ciddi problemləri var”. Apasport.az saytının məlumatına görə, bunu PAOK-un sabiq futbolçusu Bruno Çirillo deyib.

 

Avropa Liqasının qrup mərhələsində növbəti matçını “Qarabağ”a qarşı keçirəcək Saloniki təmsilçisi Yunanıstan Super Liqasının V turunda evdə “İraklis”i (1:0) məğlub edib. Matçı “Tumba” stadionunda canlı izləyən Çirillo yerli mətbuata açıqlamasında PAOK-un çıxışını dəyərləndirib: “Bu mövsüm ilk dəfə idi ki, PAOK-un oyununu izləyirdim. Bir matça əsasən komandaya qiymət verə bilmərəm. Komanda “İraklis”lə görüşün taleyini birinci hissədə həll etməli idi. Ancaq qol imkanlarından yararlana bilmədilər. Bununla belə, komanda layiq olduğu qələbəni qazandı. Gördüyüm qədərilə PAOK-da yaxşı futbolçular cəmləşib. Amma kiminsə fantastik oyun göstərmədiyini də deməliyəm”.

 

İtaliyalı sabiq mərkəz müdafiəçisi yunanların Avropa Liqasında da qrupdan çıxacağına inandığını bildirib. 39 yaşlı mütəxəssis keçmiş komanda yoldaşı olan PAOK-un hazırkı baş məşqçisi Vladimir İviçi də tərifləyib: “Dəfələrlə demişəm ki, Vladan öz işində əladı. Ona görə sevinirəm. PAOK onun rəhbərliyi altında mövsümə əla başlanğıc edib. Çempionatda məğlubiyyətsiz irəliləyirlər və fikrimcə, bu mövsüm çempionluq uğrunda mübarizə aparacaqlar. Avropa Liqasında da işləri qaydasında gedir. Avrokubokların qrup mərhələsində III və IV turlar çox önəmli olur. PAOK qarşıdakı iki görüşdə 4 xal toplaya bilsə, növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edəcək. Cari mövsümdəki nəticələr komandanın bunu bacaracaq gücdə olduğunu göstərir”.

 

Çirillo Avroliqanın J qrupu ilə bağlı qısa fikir də bildirib: “Fiorentina” qrupun favoritidi. Mərhələ adlayacaq komandalardan biri, çox güman ki, florensiyalılar olacaq. Hazırkı məqamda PAOK “Fiorentina”ya əsas rəqibdi. Amma qarşıda hələ çətin oyunlar var”.

 

Qeyd edək ki, “Qarabağ” – PAOK oyunu oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

0