“Tovuzlu kimi, rayonumuzun komandasının Premyer Liqada oynamasını mənim də arzumdu. Amma etiraf edək ki, hazırkı maliyyə imkanları ilə bu, mümkün deyil”. Bunu apasport.az saytına “Turan Tovuz”un sabiq prezidenti Namiq Məstanov deyib.
Tovuz təmsilçisinin gələn mövsüm də I divizionda iştirak edəcəyinə münasibət bildirən Məstanov komandanın elitaya hazır olmadığını söyləyib: “Premyer Liqada iştirakın öz tələbləri var. “Turan Tovuz”a da bunun üçün ilk növbədə güclü sponsor lazımdı. Maliyyə olmayandan sonra Premyer Liqada oynamağın nə mənası var? Futbolda hər şey maliyyədən başlayır. Tovuz komandasının büdcəsinin də çox aşağı olduğunu bilirik. Belə bir vəziyyətdə klubun Müşahidə Şurası yüksək səviyyəli iş görə bilməz. Onların fəaliyyətinə qiymət vermək üçün ilk növbədə normal şərait yaratmaq lazımdı. Əgər yaxşı büdcə müqabilində uğurlu iş olmasa, o zaman tənqid etmək olar”.
Keçmiş klub rəhbəri AFFA prezidenti Rövnəq Abdullayevin Tovuzda son vaxtlar futbolçu yetişməməyi ilə bağlı iradını haqlı hesab edir. Ancaq o, bunun müəyyən səbəblərdən qaynaqlandığını deyib: “Rövnəq müəllim son çıxışında Tovuz və Şəmkir futbolu ilə bağlı narazılığını dilə gətirdi. Dedi ki, illərlə bu rayonların komandalarına maliyyə ayrılır, amma futbolçu yetişmir. Onun bu ifadəsinin altında nə yatdığını bilmirəm. Amma narazı olduğu gün kimi aydındı. Mən “Turan Tovuz” İdman Klubunun rəhbəri olanda bizim 2-3 yetirməmiz aşağı yaş qrupu üzrə yığmalara çağırılmışdı. Onlar təlim-məşq toplanışında da iştirak etmişdilər. Amma sonra AFFA bizə maliyyə yardımını dayandırdı. Klub dağıldıqdan sonra da “Turan Tovuz” İctimai Birliyini yaratdılar. Belədə bütün oyunçular azad agent statusu daşıdılar və içlərində istedadlı olanlar Qəbələ, Neftçala kimi bölgələrə yollandılar”.
Məstanov “Turan Tovuz”un növbəti mövsümlərdə Premyer Liqaya qaytarılacağına inandığını vurğulayıb: “Mənə elə gəlir ki, 2017/2018 mövsümündə Premyer Liqada 10 komanda iştirak edərsə, “Zaqatala” və İmişli komandalarını qəbul edəcəklər. Onlar 100 faiz elitaya qayıdacaqlar. Çünki AFFA prezidenti həmin komandaların artıq ictimailəşdiyini bildirib. Yox, əgər 12 komandalı çempionat keçirsələr, o zaman “Turan Tovuz” və “Şəmkir”in də yüksək dəstədə iştirakını gözləmək olar”.
Məstanov sonda sevimli komandasına qayıtmaq istəyini gizlətməyib və təklif olacağı təqdirdə, bunu qəbul edəcəyini bildirib: “Futbolun içindən çıxmış, bu işi bilən insanlarıq. Sabahı bilmək olmaz. Bəlkə kimsə komandaya sponsorluq etməyi öhdəliyinə götürəcək və məni yenidən “Turan Tovuz”a kömək etməyə çağıracaq. Tovuz futboluna canı yanan biri kimi, bunu qəbul etməyə hazıram”.