“Qalatasaray” klubunun rəhbərliyi baş məşqçi Yan Olde Riekerinklə bağlı qərarını verib. Apasport.az saytı Türkiyənin “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, “Fənərbaxça”ya məğlubiyyətdən sonra istefaya göndərilməsi gözlənilən hollandiyalı çalışdırıcı postunda saxlanılıb.
“Qalatasaray”ın prezidenti Dursun Özbək yanvara qədər komandanı Riekerinkin çalışdırmasını məqsədəuyğun sayıb. Bu isə o deməkdi ki, 53 yaşlı məşqçi “Bursaspor”la oyun da daxil olmaqla, ilk dövrənin qalan 6 turunda da iş başında olacaq.
Riekerinkin gələcək taleyi məhz qarşıdakı 6 oyundan asılıdı. Bu görüşlərdə yaxşı nəticə qeydə alınsa, hollandiyalı mütəxəssis mövsümün sonuna qədər postunda qala bilər. Əks təqdirdə isə onunla yolların ayrılacağı bildirilir.
Türkiyə mətbuatında Riekerinki əvəzləyə biləcək məşqçilərin sırasında daha çox Fatih Terim və İqor Tüdorun adı hallanır.
Qeyd edək ki, Superliqada 11 turdan sonra 20 xal toplayan “cim-bom” 5-ci pillədə qərarlaşıb.