[b]“Qarabağ” – “İnter” oyununda “Sumqayıt” sensasiyalarının iştirakçısı[/b]
21.04.2016 - 13:45
[b]“Qarabağ” – “İnter” oyununda “Sumqayıt” sensasiyalarının iştirakçısı[/b]

Topaz Premyer Liqasının sabah start götürəcək XXXI turunun mərkəzi oyununu idarə edəcək Rəvan Həmzəzadə mövsümdə 11-ci çempionat qarşılaşmasına çıxacaq. Apasport.az saytının məlumatına görə, “Qarabağ” – “İnter” görüşünün baş hakimi arxada qalan 30 turda 10 görüşdə fit çalıb, 35 sarı, 1 qırmızı vərəqə göstərib.

 

Həmzəzadə meydan sahiblərini 14, qonaqları 1-i qırmızı olmaqla, 22 vərəqə ilə cəzalandırıb. Onun təyin etdiyi yeganə penalti də qonaq komandanın qapısına təyin edilib. Bu referinin təyinat aldığı matçların nəticələri də meydan sahiblərinin xeyrinə olur. Onlar 6 qələbə qazanıb, 2 heç-heçə edib və eyni sayda məğlubiyyətə üzülüb.

 

“Qarabağ”ın 1, “İnter”in 2 matçında baş hakim olan Həmzəzadə bu komandaların sensasion məğlubiyyətlərinə şahid olub. Özü də hər iki komanda “Sumqayıt”a uduzub.

 

“Qarabağ” Həmzəzadə ilə yollarının kəsişdiyi yeganə çempionat matçına IX turda çıxıb. Sumqayıtdakı qarşılaşmada referi meydan sahiblərini 2, qonaqları 1 sarı vərəqəylə cəzalandırsa da, “Qarabağ” səfərdən xalsız dönüb.

 

“İnter” isə bu hakimin idarə etdiyi oyunlarda 2 qol vurur. XIII turda AZAL-ı 2 cavabsız qolla yenən “bankirlər” XVI turun “Sumqayıt”la ev oyununda sumqayıtlılarla bacarmayıb – 2:3. “Sumqayıt”ın sensasiyalarında iştirak edən hakim “İnter”in hər iki matçında 5 sarı vərəqə ilə kifayətlənib. “Bankirlər” ilk oyunda bunların 4-nü, digər matçda 2-ni alıb.