[b]“Qarabağ” “Qəbələ”nin rekorduna çata biləcəkmi?[/b]
10.07.2017 - 13:47
[b]“Qarabağ” “Qəbələ”nin rekorduna çata biləcəkmi?[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la “Samtredia” arasında ilk oyunu rekordla əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün Azərbaycan çempionu sabah Bakıda baş tutacaq görüşdə qol vurmalıdı.

 

Qurban Qurbanovun yetirmələri rəqib qapısına yol tapsa, ardıcıl 7-ci ev oyununda qol sevinci yaşayacaq. Əyalət klubu ötən mövsüm öz meydanında keçirdiyi bütün avrokubok matçlarında fərqlənib.

 

“Qarabağ” Çempionlar Liqasında “Düdelanj” (2:0) və “Viktoriya” (1:1), Avropa Liqasında “Höteborq” (3:0), “Slovan” (2:2), PAOK (2:0) və “Fiorentina”nı (1:2) məyus edib. Onların fərqlənmədiyi son ev oyunu isə 2015/16 mövsümünə təsadüf edib. 2015-ci il noyabrın 26-da minimal hesabla qalib gələn “Tottenhem” Bakını qol buraxmadan tərk edib.

 

Ardıcıl 7-ci dəfə qonaqlara qol vurmaq iddiasında olan ağdamlılar bunu reallaşdırsa, Azərbaycan klublarının mütləq rekorduna şərik çıxacaq. Bu göstəricinin müəllifi isə “Qəbələ”di. “Qırmızı-qaralar” da ötən mövsümün bütün ev oyunlarında fərqlənib. Lakin onlar I təsnifat mərhələsindən mübarizəyə qoşulduğu üçün daha çox – 7 matç keçirib. “Qırmızı-qaralar” da bu rekord seriyanı davam etdirir.

 

Əgər “Qarabağ” sabah rekordu təkrarlasa, iki gündən sonra Polşa “Yagelloniya”sını qəbul edəcək “Qəbələ” seriyasını 8-ə çatdırmaqla yenidən önə keçə bilər.