“Qarabağ”ın futbolçusu Ansi Aqolli və onun şərəfini qoruduğu Albaniya yığmasının Avropa çempionatındakı çıxışı Ukrayna mətbuatının diqqətindən yayınmayıb. Apasport.az saytının məlumatına görə, yarışın debütantının qrupda 3-cü olması və müdafiəçinin son iki görüşdə kapitanlığı ukraynalıları onu xatırlamağa vadar edib.
Onlar futbolçunun Ukraynaya qədər karyerasını yada salıb: “Tiranada anadan olan Ansi 15 yaşında eyniadlı klubun yeniyetmə komandasına düşüb. Amma həmin vaxt böyük istedad sayılmayan futbolçu əvvəl “Elbasani”, sonra “Apolloniya”ya icarəyə verilib. Sonuncularda oyun praktikası toplayandan sonra isə “Tirana”da debüt edə bilib. Burada iki çempionluq, 2 kubok və 3 Superkubok qazanıb. Sürətlə inkişaf edən yarımmüdafiəçi ölkə xaricinə üz tutub. O vaxt yarımmüdafiədə çıxış edən Ansi 2005-ci ildə “Ksamaks”la müqavilə imzalayıb. İlk mövsümdə 29 oyuna 5 qol vursa da, “Lütsern”ə keçib. Bir ildən sonra Finlandiya BBC-inə keçən albaniyalı orada da möhkəmlənə bilməyib. İcarə əsasında “Tirana”ya dönən Ansi daha bir çempionluq yaşasa da, bu dəfə cəmi 3 matç keçirib, ehtiyatda qalmaqla diqqət çəkib”.
Həmkarlarımız vaxtilə “Krivbass”da çıxış edən Aqollinin Ukraynaya, ordan da Azərbaycana gəlişinin necə baş tutmasını yada salıb: “Bu durumda o daha 3 albaniyalının oynadığı Krivoy-Roq klubuna keçib. 27 yaşında “Krivbass”a gələn müdafiəçi burada bir mövsüm keçirdi. Sol cinah yarımmüdafiəçisi kimi 13 oyunda meydana çıxan Ansi özünü peşəkar baxımdan faydalı göstərə bilməyib və yenidən icarəyə yollanıb. Bu dəfə onun yolu Azərbaycana düşüb ki, onun xidmətində “Qarabağ” maraqlı olub. Qəhrəmanımız sol cinah müdafiəçisi kimi ilk mövsümdə 31 matça çıxıb. Görünür, orada ondan xoşları gəlib ki, “Qarabağ” Ansinin transfer hüququnu almaq istəyib. 2011-ci ilin yayında Ansi o qədər də çox olmayan 30 min funt qarşılığında indiyədək çıxış etdiyi “Qarabağ”ın tamhüquqlu üzvü oldu”.
Ukraynalılar Aqollinin Ağdam klubundakı çıxışına da toxunub: “Ansi “Qarabağ”ın heyətində 3 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb, 2014/15 mövsümündə Avropa Liqasında uğurla çıxış edib. Kiyevdə “Dnepr” üzərində qələbəni hamı xatırlamalıdı. O, həmin mövsüm klubunun heyətində ən yaxşı seçildi. 2016-cı il aprelin 22-də isə legionerlər arasında oyun sayında “Qarabağ”ın rekordçusu olub. Qəhrəmanımız 2005-ci ildə debüt etdiyi Albaniya millisində 56 oyunda 4 qol vurub. 2015-ci il noyabrın 16-da isə ilk dəfə yığmanın kapitanı olub”.