[b]Stefan Əl-Şaravi Azərbaycan yığması ilə "Qarabağ"ı müqayisə etdi[/b]
20.10.2015 - 15:24
[b]Stefan Əl-Şaravi Azərbaycan yığması ilə "Qarabağ"ı müqayisə etdi[/b]

“Bir ay ərzində ikinci dəfə Azərbaycan komandasına qarşı çıxış edəcəm. Amma bu dəfə işimizin daha çətin olacağını bilirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Monako”nun hücumçusu Stefan Əl-Şaravi deyib.

 

Avropa Liqasının qrup mərhələsində oktyabrın 22-də “Qarabağ”ı qəbul edəcək Fransa klubu hazırlıqlarını davam etdirir. Bu gün baş tutan məşqdən sonra jurnalistlərin suallarını cavablandıran Əl-Şaravi təmsilçimizlə matçı dəyərləndirib.

 

İtaliya yığmasının heyətində bu ayın 10-da AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı çıxış etmiş 23 yaşlı futbolçu “Qarabağ”la qarşıdakı oyunu dəyərləndirib: “Azərbaycan yığması ilə oyun zamanı nisbətən rahat idik. Çünki həmin vaxt sona 2 tur qalmışdı və qrup lideri idik. Amma Avropa Liqasındakı durumumuz bizi daha çox çalışmağa vadar edir. Evdə oynayacağımız üçün bizi yalnız qələbə qane edir. Ardıcıl iki heç-heçədən sonra irəliləmək üçün başqa yolumuz yoxdu. Üstəlik, nəzərə alaq ki, bundan sonrakı 3 görüşdən yalnız birini evdə keçirəcəyik. Deməli, nəyin bahasına olursa-olsun qalib gəlməliyik”.

 

Ulduz futbolçu “Qarabağ” barədə də müsbət fikirlər səsləndirib: “Gördüyümüz qədərilə Azərbaycan yığmasının bir neçə üzvü “Qarabağ”da çıxış edir. Amma onların oyun üslubu fərqlidi. Topla oynamağı sevən sürətli komandadı. Üstəlik, təhlükəli braziliyalı futbolçuları da var. Bir sözlə, arxayınlaşmağa heç bir əsas yoxdu”.

 

Əl-Şaravi yayda “Milan”dan icarəyə keçdiyi “Monako”da əsas heyətə düşə bilməməsinə də toxunub. Onun sözlərinə görə, bunun səbəbi baş məşqçi ilə münasibətlərinin yaxşı olması deyil: “Baş məşqçimiz Leonardo Yardim hər kəslə eyni şəkildə münasibət qurur. Onunla heç bir problemimiz yoxdu. Əksinə, komandaya uyğunlaşmağımda mənə çox köməyi dəyir. Artıq yavaş-yavaş uyğunlaşma dönəmini də geridə qoyuram. “Monako”da qısa müddətdə əvvəlki formamı bərpa etməyə çalışıram”.

 

Qeyd edək ki, oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan – İtaliya matçı qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Həmin görüşdə meydançaya start heyətində daxil olan Stefan Əl-Şaravi komandasının qollarından birinin də müəllifi olmuşdu.

0