“Qarabağ” daha bir transferi açıqlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam klubu müdafiəçi Yakub Jezniçakla münasibətləri rəsmiləşdirdiyini bəyan edib.
Polşa millisinin sabiq üzvü və “Legiya”nın kapitanı Azərbaycan çempionu ilə 2 illik müqavilə imzalayıb.
Peşəkar karyerasına 2003-cü ildə “Vidzev Lodz”da başlayan Jezniçak bir il sonra Polşanın köklü klublarından “Legiya”ya transfer olub. 31 yaşlı yeni transfer son 13 ili “Legiya”da keçirib. O, “Legiya”da 5 dəfə Polşa çempionu, 6 dəfə ölkə kuboku və 1 dəfə də Polşa Superkubokunun qalibi olub. Klub karyerasında 282 matçda forma geyinən müdafiəçi 13 qolla yadda qalıb.
Polşa millisinin heyətində 9 matçda iştirak edən futbolçu “Qarabağ”da 52 nömrəli forma altında mübarizə aparacaq.