“Çitro “Trapani”də daha 1 il qala bilər, amma bunu istəmir. Çünki komanda növbəti mövsümdən C seriyasında yer alacaq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri italiyalı menecer Alberto Berqossi deyib.
O, ölkəsinin mətbuatına açıqlamasında “Qarabağ”ın transfer siyahısında yer alan Nikola Çitronun gələcək karyerasını dəyərləndirib.
28 yaşlı hücumçunun agenti funksiyasını yerinə yetirən Berqossi bildirib ki, Çitronun “Trapani”də qalmaq ehtimalı yoxdu: “Nikolaya hələ ötən mövsümdən təkliflər gəlir. İnanıram ki, o, özü üçün ən doğru qərarı qəbul edəcək və yeni klubuna keçidi xeyrinə olacaq”.
Berqossi müştərisinə görə, bir neçə klubdan təklif aldığını açıqlayıb. O, Çitronu heyətinə qatmaq istəyən klubların sırasında “Qarabağ”ın olduğunu növbəti dəfə təsdiqləyib. Lakin bu keçidi rəsmiləşdirmək Ağdam təmsilçisi üçün heç də asan olmayacaq. Berqossinin dediyinə görə, italiyalı forvardın xidmətində “Qarabağ”la yanaşı, daha 6 klub maraqlıdı: “İndiki məqamda bir neçə variant var. B seriyasında çıxış edən komandalardan “Spal”, “Avellino”, “Entella”, “Bari”, “Benevento” və “Karpi” Çitronu heyətində görmək istəyir. Bu klublar Nikola ilə çoxdan maraqlanırlar. Aldığımız ən son təklif isə “Qarabağ”dan olub. Azərbaycan çempionu bu yaxınlarda məndən Çitronu soruşdu. Bu komanda Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək”.