“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli ölkəsinin mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu Ağdam klubu və formasını geyindiyi yığma haqda fikirlərini bildirib.
- “Qarabağ” cari mövsümdə də ölkə çempionatında liderlik edir. Deməli, narazı qala bilməzsiz...
- Artıq neçə ildi ki, “Qarabağ” inkişaf edir. Dayanmadan işləməyin sayəsində addım-addım irəliləyirik. Komandamızın əsas devizi intizam və peşəkarlıqdı. Məqsədə çatmaq üçün hər gün fikrimizi cəmləməli, tər tökməliyik. Bütün bunlara əməl etdikdə nəticə özünü çox gözlətmir.
- Azərbaycan Premyer Liqasında yaranmış iki aylıq fasilə sizi arxayınlaşdırmır? Ağır mövsümü keçirməyi necə bacarırsız?
- Şübhəsiz, fiziki və psixoloji yorğunluğun aradan qalxması üçün istirahət çox vacibdi. Dincəlmək və ilə yeni enerji ilə başlamaq üçün kifayət qədər vaxtım oldu. Bütün oyunlarda mümkün hər şeyi etmək arzusu sizi normal həyatdan məhrum edir və bütün diqqətinizi futbola yönəldirsiz. Yüklənmədən sonra orqanizmə bərpa üçün vaxt vermək lazımdı. Çünki növbəti oyunda da eyni səviyyədə çıxış etmək lazımdı. Sıx qrafikli mövsüm ərzində rejimə əmək etmək vacibdi.
- “Qarabağ” hazırlığını Antalyada davam etdirir. Türkiyədə toplanışda olan albaniyalı futbolçulardan kimlərlə rastlaşmısız?
- “Teuta” klubu qaldığımız oteldə məskunlaşıb. Şadam ki, Albaniya çempionatının əksər təmsilçiləri Antalyada toplanış keçirlər. Bu isə Superliqanın qalan hissəsinə müsbət təsirini göstərəcək.
- Albaniya çempionatının əvvəlki və hazırkı durumu arasında nə kimi fərq var? Futbolumuz doğru yoldadı?
- Təxminən 13 ildi ki, əsas yığmanın formasını geyinirəm. Bundan əvvəl isə U-19 və U-21-də çıxış etmişəm. Bu illərdə millinin bir parçası olmuşam. Albaniya futbolunda böyük sıçrayış hiss etdim. Yaxşı nəticələr təsadüfən gəlmədi. İndi əcnəbilər yığmamıza və çempionatımıza fərqli yanaşırlar. Albaniya futbolu haqda xoş sözlər eşidəndə fəxr hissi keçirirəm. Bu, futbolumuzun düzgün yolda olduğunu göstərir.
- Karyeranızı bitirdikdən sonra məşqçi olmağı planlaşdırırsız, yoxsa özünüzü başqa rolda görürsüz? Albaniya Futbol Federasiyasında çalışmaq təklifi alsanız, qəbul edərsiniz?
- Hələ “Qarabağ”la müqaviləm var və bütün diqqətimi komandamın məqsədinə çatmasına kömək etməyə yönəltmişəm. Həm Azərbaycan çempionatı, həm də Avropadakı hədəflərimizi nəzərdə tuturam. Gələcəkdə nə işlə məşğul olacağımla bağlı vaxtı çatanda rahat şəkildə qərar verə biləcəm. Təbii ki, yenə futbolun içində olacam.
- Albaniya yığmasının gələcəyi barədə nə düşünürsüz? Sizcə, yetərli qədər istedadlı futbolçularımız varmı?
- İndiki məqamda millidə kifayət qədər gənc futbolçu var. Vaxt keçdikcə təcrübəlilər də öz yerlərini istedadlı cavanlara verəcəklər. Mən Tirana Futbol Akademiyasının yetirməsiyəm. Bu akademiyadan çıxan çox futbolçu görmək istərdim. Bu vaxta qədər yaxşı işlər görülüb. Amma futbolda dayanmadan çalışmaq, intizam və peşəkarlığa önəm vermək lazımdı. Akademiyalarda yenə çoxlu futbolçu yetişir. Amma əsas məsələ keyfiyyətdi. Gərək səviyyəli oyunçular yetişsin ki, gələcəkdə əsas milliyə xidmət etsinlər.
- AVRO-2020-yə seçmə mərhələdən yollanmaq iddianız varmı? Yoxsa final mərhələsinə vəsiqə üçün Millətlər Liqasını gözləmək lazım gələcək?
- Ambisiya mütləq olmalıdı. İddialarımız komandamızın gücü ilə bağlıdı. Bu bizə nikbin yanaşmağa imkan verir. Şübhəsiz, Albaniya yığmasının böyük potensialı var. Lakin bir qədər gözləməliyik. Hazırlıq üçün vaxtımız yetərincədi və indiyə qədər hər şey qaydasında gedib. Ümid edirəm ki, gələcəkdə də hər şey yaxşı olacaq.