“Qarabağ”ın futbolçusu Donald Gerryenin durumuna tam aydınlıq gəlib. Klubdan apasport.az saytına verilən məlumata görə, haitili yarımmüdafiəçi qarşıdakı 2 həftə ərzində yaşıl meydanlardan uzaq qalacaq.
Çempionlar Liqasının pley-off mərhələsinin “Kopenhagen”lə cavab matçında zədələnən Gerrye oyunu erkən dayandırmalı olmuşdu. 28 yaşlı futbolçu bu səbəbdən ölkə çempionatında “Qəbələ” ilə matçı buraxmışdı.
Gerryenin zədəsinin ciddi olduğu, onun uzun müddətə sıradan çıxdığı istisna edilmirdi. Lakin tibbi müayinədən sonra Haiti millisinin üzvünün 14-15 günə hazır olacağı üzə çıxıb.
Qeyd edək ki, Donald Gerrye “Qarabağ”a bu yay Türkiyənin "Alanyaspor" klubundan keçib.