[b]“Qarabağ”ın rəqibi Ramil Şeydayevi təbrik etdi[/b]
06.09.2016 - 10:59
[b]“Qarabağ”ın rəqibi Ramil Şeydayevi təbrik etdi[/b]

“Ramil Şeydayevlə şəxsi tanışlığım yoxdu. Bu səbəbdən də onun niyə Azərbaycan millisini seçdiyini izah etmək mənə çətindi”. Apasport.az saytının məlumatına görə, bunu “Slovan”ın hücumçusu Nikolay Komliçenko deyib.

 

Rusiyanın gənclər millisinin üzvü ölkəsinin mətbuatına açıqlamasında Ramil Şeydayevin Azərbaycan yığmasını seçməsinə münasibət bildirib. Müqavilə ilə “Krasnodar”a məxsus olan və hazırda “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Slovan”da icarə əsasında çıxış edən 21 yaşlı forvard həmyerlimizin seçiminə təəccübləndiyini söyləyib: “Ancaq bu, onun şəxsi işidi. Azərbaycan yığmasının heyətində debüt etdiyi üçün onu təbrik edirəm. Mənim isə vətəndaşlığımı dəyişmək fikrim yoxdu. Rusiyanı sevirəm və həmişəlik bu ölkənin yığması üçün oynamaq istəyirəm”.

 

“Slovan”a bu yay yollanan Komliçenko yeni komandasına və Çexiyaya uyğunlaşma dövrünü geridə qoyduğunu söyləyib: “Çexiya çempionatının tempinə artıq öyrəşmişəm. “Slovan”ı seçdiyim üçün çox sevinirəm”.

 

Qeyd edək ki, Rusiyanın U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş Ramil Şeydayev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San-Marino ilə qarşılaşmada Azərbaycanın əsas millisində debüt edib.