Avropa Liqasının IV turunda “Qarabağ”ı qəbul edəcək PAOK matçın hazırlıqlarını davam etdirir. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Saloniki təmsilçisi qarşılaşma öncəsi heyətlə bağlı problemlər yaşayır.
Belə ki, komandanın 3 oyunçusu zədədən əziyyət çəkir. Bunlar müdafiəçilər Georgios Tzavellas, Dimitris Cannulis və yarımmüdafiəçi Dimitris Pelkasdı. Onlar arasında Cannulis artıq sıraya qoşulub. Topuq nahiyəsindəki ağrılardan əziyyət çəkən 20 yaşlı sol cinah oyunçusunun qarşılaşmaya hazır olması gözlənilir.
Ancaq Tzavellas və Pelkasla bağlı vəziyyət fərqlidi. Fərdi hazırlıqla kifayətlənən Pelkas “Qarabağ”la oyunu buraxacaq. Həmçinin dizindəki zədə üzündən bir müddət komandadan ayrı qalmış Tzavellas da hələlik yalnız fərdi məşq edir. Ancaq həkimlər onu matça yetişdirməyə çalışırlar.
Qeyd edək ki, PAOK – “Qarabağ” oyunu noyabrın 3-də “Tumba” stadionunda baş tutacaq.