[b]“Çexiya komandalarından zəhləm gedir” – Rəşad Sadıqov [/b]
16.09.2016 - 00:36
[b]“Çexiya komandalarından zəhləm gedir” – Rəşad Sadıqov [/b]

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyununda öz meydanında “Slovan”la qarşılaşan “Qarabağ” matçdan 2:2 hesablı bərabərliklə ayrıldı. Görüş başa çatdıqdan sonra komandanın kapitanı, qarşılaşmaya əlavə olunmuş sonuncu dəqiqədə bərabərlik qolunu vuraraq komandasını məğlubiyyətdən xilas edən Rəşad Sadıqov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun necə keçdi?

- Sözün düzü, necə oyun gözləyirdiksə, elə də oyun keçdi. Rəqibin bizi yaxşı analiz etdiyini bilirdik. Rəqibin oyun üslubu mərkəzdə yaxşı oyun sərgiləməkdir. Onlar rəqibə hücum qurmağa imkan vermir və əks hücumlar qurmağa çalışırlar. Gözlənilməz bir qol buraxdıq. Oyunun gedişində istədiyimiz kimi kəsərli hücumlar qura bilmirdik. Oyun orta səviyyədə keçirdi. Həm biz, həm də rəqib topa yaxşı nəzarət edirdi. İlk hissədə ehtiyatlı oynamağa çalışdıq. Amma ikinci hissə başlayan kimi, məşqçimizin tapşırığı ilə irəli atıldıq. Qələbə qolunu vuirmaq istəsək də, xeyli sayda qol imkanları qaçırdıq. İkinci qolu da gözlənilməz kobud səhvdən sonra buraxdıq. Şükürlər olsun ki, son dəqiqələrdə hesabı bərabərləşdirə bildik.

 

- Demək olar ki, hər oyunda qol vurursan. Olmaz ki, hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayasan?
- Orada oynamağa gücüm çatmaz. Düzdü, hər bir futbolçu irəlidə oynamaq istəyər. Amma bunu bacarmaq da lazımdı. 
 
- Bu oyunda millimizin "künc zərbəsi” taktikasından edə bilərdinizmi?
- İlk hissədə bunu bir az başqa formada etməyə çalışsaq da, qapıçı həmin topu çıxarmağı bacardı. 
 
- Qrup mərhələsinə başlanğıcı necə dəyərləndirmək olar?
- Ümumilikdə, çox yaxşı dəyərləndirmək olar. 2-1 dən sonra fikirləşdim ki, artıq bizim üçün hər şey bitdi. Düşünürdüm ki, bundan sonra durumu dəyişmək çox çətin olacaq. Elə hesab edək ki, biz bir xal qazandıq, amma rəqib iki xal itirdi. Bunu nəzərə alsaq, fikrimcə, yaxşı qurtardıq. 
 
- 90 dəqiqəni dəyərləndirsək, "Qarabağ”ın 2 xal itirdiyini söyləyə bilərik. Çünki boşa verilən qol imkanları çox idi...  
- Ümumiyyətlə, sanki adət halını alıb, çox qol imkanları yaradırıq, istifadə edə bilmirik və qapımızda kobud səhvlər sayəsində qol buraxırıq. 2 qoldan başqa rəqibin hər hansı kəsərli hücumu olmadı. Buraxdığımız hər iki qolda kobud səhvimiz oldu.

 

- Növbəti turda "Qarabağ” Florensiya səfərindən nə gözləyir?

- Qrupun ən çətin səfər matçı olacaq. Maksimum gücümüzü ortaya qoymağa çalışacağıq.

 

- Əgər “Qarabağ”ın hədəfi qrupdan çıxmaqdısa, “Fiorentina” ilə oyuna da nəticə üçün çıxacaqsınız...

- Belə deyək, qarşımıza sırf qrupdan çıxmaq hədəfi qoymamışıq. Hədəflər həmişə futbolçuları psixoloji təsir altına salır. Hədəf hər  oyuna ciddi şəkildə köklənməkdi.
 
- Bu gün “Tofiq Bəhramov”a qayıtmağı arzuladınız?
- Biz bu gün Respublika stadionunda oynamaq istəyirdik. Ancaq orda oynamağa bizə icazə vermədilər. Halbuki, bu gün həmin arenada qazonun durumu pis deyildi.Təəssüflər olsun ki, icazə vermədilər. Ev oyunun üstünlüyü oyunu öz doğma meydanında oynamağındadı. Fikirləşirəm ki, "Dalğa Arena”da da pis oynamadıq. Sadəcə bəzi elementlər xal itirməyimizə səbə oldu.
 
- Çexiya komandalarını digər komandalardan fərqli cəhətlər nədi?
- Ümumiyyətlə, cavan yaşımdan Çexiya komandalarından zəhləm gedir. Bu gün həm Çempionlar Liqasında, həm Avropa Liqasında, həm də milli səviyyəsində çexlərlə düşmüşük. Onlara qarşı oynamaqdan zəhləm gedir. Çünki oynamağa imkan vermirlər və özləri çox yaxşı əks hücumlar yaradırlar. Demək olar ki, əlimizi-qolumuzu bağlayırlar. Xüsusilə də bizim kimi hücum oynayan komandaları onlar lap çox xoşlayırlar.

 

- “Viktoriya” ilə müqayisədə “Slovan” daha güclü idi?

- Daha güclü yox, onlara qarşı oynamaq daha çətindi. “Viktoriya” özü də oynayır, sənə də şərait yaradır, “Slovan” isə sırf sənə mane olmaq üçün çıxır meydana. 

0