[b]“Qəbələ” Antonov və Zenyovu toplanışa aparmır[/b]
16.06.2016 - 11:21
[b]“Qəbələ” Antonov və Zenyovu toplanışa aparmır[/b]

Yay fasiləsində Nika Kvekveskiri, Filip Ozobiç və Teo Uiks Luisi heyətinə qatan “Qəbələ” daha bir legioner transfer edəcək. Klubdan apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar” yarımmüdafiə xəttindən sonra hücumu gücləndirməyi qərara alıblar.

 

Belə ki, Topaz Premyer Liqasının bürünc mükafatçısı forvard axtarışındadı. “Qəbələ” bunun üçün Latın Amerikası və Afrika bazarına müraciət edib. Baş məşqçi Roman Qriqorçuk avropalı hücumçu istəmədiyini bildirib. Bu səbəbdən klub rəhbərliyi diqqətini Afrikaya və okeanın o tayına yönəldib.

 

Əvəzində klubla müqaviləsi olan Aleksey Antonov və Sergey Zenyov əsas komandadan kənarlaşdırılıblar. Bu gün Gürcüstana təlim-məşq toplanışına yollanacaq “qırmızı-qaralar”ın heyətində bu futbolçular yer almayacaq. Buna baxmayaraq, adıçəkilən oyunçular hələ Qəbələdədilər. Transferə çıxarılan Antonovla Zenyov formadan düşməmək üçün akademiyanın məşqçilərinin rəhbərliyi altında fərdi hazırlıq keçirlər.

 

Qeyd edək ki, “Qəbələ” 2015/2016 mövsümü başa çatan kimi Samir Zərgərov, Arif Daşdəmirov, Luis Hilario Dodo, Ermin Zets, Aleksey Qay, Ruslan Abışov, Pavel Paşayev, Andrey Popoviç və Vadim Abdullayevlə yolları ayırıb.