[b]Roman Qriqorçuk mərkəz və cinah hücumçusu axtarır[/b]
22.12.2016 - 10:52
[b]Roman Qriqorçuk mərkəz və cinah hücumçusu axtarır[/b]

Ölkə çempionatında qış fasiləsinə ikinci pillədə yollanan “Qəbələ”nin heyətində bəzi dəyişikliklər olacaq. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” yayda transfer edilən, ancaq özünü doğrultmayan Petar Franyiçlə yolları ayırmaq niyyətindədilər.

 

Bunun üçün isə xorvatiyalı yarımmüdafiəçi ilə razılığa gəlmək lazımdı. Məsələ burasındadı ki, 25 yaşlı futbolçunun “Qəbələ” ilə cari mövsümün sonuna qədər müqaviləsi var. Bölgə təmsilçisi Franyiçin razılığını almadan onunla vidalaşsa, təzminat ödəmək məcburiyyətində qalacaq. Bu mənada, xorvat futbolçunun komandada qalıb-qalmayacağı onunla danışıqlardan asılı olacaq. Franyiç qüvvədə olan sözləşməsinin sonuna qədər “Qəbələ”də qalmaq istəsə, mövsümün ikinci hissəsini əvəzedici komandanın heyətində keçirməli olacaq.

 

Dmitri Bezotosnının müqaviləsinin müddətini uzadan “Qəbələ” bu günlərdə Vojislav Stankoviçlə də yeni sözləşmə imzalayacaq. “Qırmızı-qaralar” qış fasiləsində yeni futbolçular transfer etməyi də planlaşdırırlar. Baş məşqçi Roman Qriqorçuku daha çox mərkəz hücumçusu və cinah yarımmüdafiəçisi mövqeləri narahat edir. Baqali Dabonun ardıcıl zədələr alması komandanın hücum xətti ilə bağlı sıxıntı yaratdı. Bu səbəbdən ukraynalı çalışdırıcı həm hücumun sivri ucunda, həm də cinahda oynamağı bacaran 2 futbolçunun alınmasını istəyib. Qriqorçuka 7-8 nəfərlik siyahı təqdim edilib və o, bəyəndiyi oyunçuların adlarını hələ açıqlamayıb.