Gürcüstanda təlim-məşq toplanışında olan “Qəbələ”nin düşərgəsinə daha bir futbolçu qoşulub. Klubdan apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar”ın estoniyalı hücumçusu Sergey Zenyov kollektivə qatılıb.
“Qəbələ” qonşu ölkəyə bir neçə gün öncə yollansa da, komandadakı gələcək taleyi bilinməyən 2 futbolçu – Aleksey Antonov və Sergey Zenyov Gürcüstana aparılmamışdı. Klub axtarışında olan hər iki oyunçuya Qəbələdə qalıb, akademiyada məşq etməyə icazə verilmişdi.
Antonov hələ də Qəbələdədisə, Zenyov artıq Gürcüstandadı. 27 yaşlı forvard dünən “qırmızı-qaralar”ın düşərgəsinə qoşularaq, kollektivlə birgə məşqlərə start verib. Bu isə Zenyovun komandada qalmaq ehtimalını artırıb.
“Qəbələ” toplanış çərçivəsində bu gün “Sioni” ilə yoxlama görüşü keçirəcək. Məşqçilər korpusunun Zenyova oyunda şans verib-verməyəcəyi maraq doğurur.
Qeyd edək ki, Estoniya millisinin də üzvü olan Zenyov ötən ildən “Qəbələ”nin formasını geyinir. O, Topaz Premyer Liqasının başa çatan mövsümündə 26 oyunda 2 qola imza atıb.