Avropa Liqasında iştirak hüququ qazanan “Qəbələ”də daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, yay fasiləsində heyətdə islahatlar aparan “qırmızı-qaralar” Vitali Vernidubla bağlı qərarlarını veriblər.
Samir Zərgərov, Arif Daşdəmirov, Ermin Zets, Aleksey Qay, Luis Hilario Dodo, Ruslan Abışov, Pavel Paşayev və Andrey Popoviçlə yolları ayıran bölgə təmsilçisi bu dəfə fərqli davranıb. Belə ki, müqaviləsi olan Vernidubun komandada saxlanılması lazım bilinib. Baş məşqçi Roman Qriqorçuk ötən yay transfer edilən həmyerlisinin göndərilməməsini istəyib. Lakin ukraynalı müdafiəçinin “Qəbələ”də qalması ona asan başa gəlməyib. 29 yaşlı futbolçunun məvacibində endirim edilib. Yəni Vitali qarşıdakı mövsümdə “Qəbələ”də əvvəlkindən az maaşa oynayacaq.
Bölgə təmsilçisi bundan öncə Dmitri Bezotosnının da maaşını azaltmışdı. Buna razılaşan təcrübəli qolkiper “Qəbələ” ilə yeni müqaviləyə qol çəkmişdi.
“Qırmızı-qaralar”ın digər ukraynalısı Aleksey Antonovun da gələcək taleyinə böyük ölçüdə aydınlıq gəlib. Adıçəkilən hücumçu da karyerasını “Qəbələ”də davam etdirəcək.
Qeyd edək ki, “Qəbələ” rəhbərliyi ötən mövsüm heyətdə yer alan Rəşad Sadiqov, Asif Məmmədov və David Petrzkeviçi də komandada saxlayıb.