Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olacaq “Samtredia” klubu hazırlığını davam etdirir. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, komanda təlim-məşq toplanışı üçün Sloveniyaya yollanıb.
Hazırlıqlarını orda keçəcək baş məşqçi Gia Tsetsadze yoxlama görüşlərində də oyunçularını sınayacaq. Gürcüstan klubunun bir rəqibinin adı artıq bəllidi. Belə ki, hazırda Avstriyada toplanış keçən Buxarest “Dinamo” ilk yoxlama görüşünü məhz “Qəbələ”nin rəqibinə qarşı keçirəcək. Həmin qarşılaşma sabah baş tutacaq.
Qeyd edək ki, “Qəbələ” ilə “Samtredia” arasında ilk oyun iyunun 30-da Bakıda, cavab matçı isə bir həftə sonra qonşu ölkədə keçiriləcək.