“Qəbələ”nin yarımmüdafiəçiləri Aleksey Antonov və Sergey Zenyovun komandadakı gələcək taleyi qeyri-müəyyəndi. Bu barədə məlumatı apasport.az saytına şimal klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.
O bildirib ki, adıçəkilən oyunçulardan biri komandada saxlanıla bilər: “Həm Antonovun, həm də Zenyovun klubla müqaviləsi davam edir. Ancaq özlərinə komanda axtara bilərlər. Əgər tapa bilməsələr, ikisindən biri “Qəbələ”yə qayıda bilər”.
Fariz Nəcəfov komandadan ayrılan ukraynalı məşqçilər Mixaylo Savka və Stepan Matveyevin çoxdan vətənlərinə dönmək istədiyini söyləyib. O, məşqçi axtarışında olduqlarını da əlavə edib: “Həmin məşqçilər hələ mövsümün əvvəlində ailə vəziyyəti ilə əlaqədar getmək istəyirdilər. Hazırda yerlərinə məşqçi axtarılır. Ola bilsin ki, əvəzedici heyətin baş məşqçisi Ramin Quliyevi əsas komandanın köməkçi məşqçisi təyin etdik. Qapıçı məşqçisi də axtarırıq”.