[b]“Qəbələ”nin futbolçusu Xorvatiya millisində[/b]
13.12.2016 - 21:59
[b]“Qəbələ”nin futbolçusu Xorvatiya millisində[/b]

“Qəbələ”nin futbolçusu Filip Ozobiç Xorvatiya milli komandasına çağırılıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi 2017-ci ilin yanvarında yığmasının düşərgəsinə yollanacaq.

 

Baş məşqçi Ante Çaçiç “qırmızı-qaralar”ın heyətində özünü yaxşı tərəfdən göstərən orta sahə oyunçusunu sınamaq qərarına gəlib. Ozobiç Xorvatiya millisinin heyətində “China Cup 2017” turnirində özünü göstərməli olacaq.

 

Çaçiç Filipi yanvarın 10-15-də Nannin şəhərində keçiriləcək turnirə aparacağı heyətə daxil edib. Turnirdə Çin, Çili, İslandiya və Xorvatiya milliləri mübarizə aparacaq. Ayın 10-da Çin – İslandiya, ertəsi gün Çili - Xorvatiya matçları baş tutacaq.

 

Məğlub olan komandalar yanvarın 14-də 3-cü yer uğrunda matçda qüvvələrini sınayacaq. Qaliblər isə ayın 15-də kubokun qalibini müəyyənləşdirəcək. 

 

Xatırladaq ki, 2016-cı ilin yayından “Qəbələ”də çıxış edən Ozobiç Xorvatiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas komandada debüt etməyib. Onun debüt matçı “qırmızı-qaralar”ın futbolçusu kimi baş tuta bilər.

 

(klub saytı)