Estoniya yığması dünən Norveçlə yoldaşlıq görüşü keçirib. Apasport.az saytının məlumatına görə, bu matçda Azərbaycan çempionatında oynayan futbolçu da çıxış edib.
Söhbət “Qəbələ”nin futbolçusu Sergey Zenyovdan gedir. Meydana start heyətində çıxan 27 yaşlı hücumçu oyunu əvəzlənmədən keçirib.
Lakin nə onun, nə də komanda yoldaşlarının qol arzusu həyata keçib. Əvəzində qapısının toxunulmazlığını saxlaya bilən estonlar meydandan 0:0 hesablı heç-heçə ilə ayrılıblar.
Qeyd edək ki, AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olmuş Norveç DÇ-2018-in təsnifat mərhələsində də millimizlə eyni qrupda mübarizə aparacaq.