Azərbaycan Premyer Liqasının XXVI turunun aprelin 16-da keçiriləcək “Kəpəz” – “Qəbələ” oyununu İnqilab Məmmədov idarə edəcək. Apasport.az saytının məlumatına görə, referi mövsümdə 9-cu çempionat matçına çıxacaq.
Əvvəlki 8 qarşılaşmada qonaq komandalar qələbə qazana bilməyib. 4 dəfə meydan sahiblərinin qalib gəldiyi matçlarda eyni sayda bərabərlik yaşanıb. “Qəbələ” qalib gəlsə, bu seriyanı qırmış olacaq.
Məmmədov qonaqlara qarşı daha sərt olması ilə də diqqət çəkir. Onları 3 penalti ilə cəzalandıran hakim 2 dəfə qırmızı vərəqə göstərib. Ümumilikdə isə referi 17 dəfə meydan sahibi, 25 dəfə qonaq komandaya sarı vərəqə verib.
Bu hakimlə “Qəbələ”nin yolları 4 dəfə kəsişib. AZAL-la üç görüşü idarə edən Məmmədov evdə 3:0 və 2:0 hesablı qələbələr, səfərdə qolsuz bərabərlik qeydə alıb. “Zirə” ilə son ev matçında da qalib müəyyənləşməyib – 1:1. “Qırmızı-qaralar”a 6, rəqiblərinə 15 xəbərdarlıq edən Məmmədov əyalət təmsilçisinin lehinə qırmızı və penalti qərarları verib. Amma “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuku da AZAL-la səfər oyunu zamanı texniki zonadan kənarlaşdırıb.
“Kəpəz” isə 2 dəfə bu hakimin idarə etdiyi matçlara çıxıb. Səfərdə “Zirə”yə 0:2 uduzan qərblilər evdə “Sumqayıt”ı 1 qolla keçib. 6 dəfə sarı ilə cəzalanan gəncəlilər 1 qırmızı və 1 penaltiyə də üzülüb. Rəqibləri isə 4 xəbərdarlıq alıb.