Avropa çempionatındakı uğursuzluqdan sonra baş məşqçi Leonid Slutskini istefaya yollayan Rusiya millisində vakant posta namizədlər axtarılır. Apasport.az saytının məlumatına görə, yığmanın keçmiş məşqçilərindən biri Yuri Syomin də özünü bu vəzifəyə təklif edib.
2013/14 mövsümündə “Qəbələ”ni çalışdırmış və təmsilçimizlə ölkə çempionatının bürünc medalını qazanmış təcrübəli mütəxəssis “Sovetski Sport” nəşrinə verdiyi müsahibədə yenidən əsas millinin sükanı arxasına keçməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, 2005-ci ilin aprel ayından dekabr ayına qədər Rusiyanın baş məşqçisi olan Syominin rəhbərliyi altında milli komanda 7 oyun keçirib. Bu matçlardan 3-də qələbə qazanan ruslar 4 dəfə də heç-heçə edərək, heç bir oyunda uduzmayıb.