“Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibi “Yagelloniya” ciddi itki ilə üzləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Pyotr Tomaşik sıradan çıxıb.
I təsnifat mərhələsində Batumi “Dinamo”su ilə səfər qarşılaşmasının 48-ci dəqiqəsində zədələnərək əvəzlənən 30 yaşlı futbolçunun durumuna aydınlıq gəlib. Həkimlər topuq nahiyəsindən xəsarət alan təcrübəli oyunçunun təxminən 3 həftə komandaya kömək edə bilməyəcəyini açıqlayıblar. Bu isə o deməkdi ki, Tomaşik “Dinamo” ilə cavab matçını buraxacaq.
“Yagelloniya” əgər “Dinamo” səddini keçsə, növbəti mərhələdəki rəqibi “Qəbələ” ilə Bakıdakı ilk görüşdə Tomaşikin xidmətindən yararlana bilməyəcək. Futbolçu çox güman ki, təmsilçimizlə cavab oyununa qədər də hazır olmayacaq.
Qeyd edək ki, “Yagelloniya” ilk matçda “Dinamo”nu səfərdə 1:0 hesabı ilə məğlub edib. Bu komandalar arasında cavab görüşü iyulun 6-da baş tutacaq.