“Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirəcəyi qarşılaşmaya hakim təyinatları bəlli olub. Apasport.az saytının məlumatına görə, iyulun 13-də Bakıda keçiriləcək görüşü almaniyalı hakimlər idarə edəcək.
“Qəbələ”nin bu matçdakı rəqibi isə iyulun 6-da müəyyənləşəcək. “Yagelloniya” (Polşa) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq “qırmızı-qaralar”ın matçında baş hakim Marko Fritz olacaq.
Ona həmyerliləri Holger Hençel və Marsel Pelqrim kömək edəcək. Oyunun dördüncü hakimi funksiyasını Quido Vinkmann yerinə yetirəcək.
1977-ci il oktyabrın 3-də anadan olan Frits 20 yaşından hakimliyə başlayıb. 2006-cı ildə isə DFB (Almaniya Futbol İttifaqının) yarışlarında iştirak edib. İki ildən sonra 2-ci Bundesliqa, 2009-cu ildən Bundesliqada fit çalmağa başlayıb. Korb şəhərində yaşayan Frits bankda müştəri xidmətinin əməkdaşıdı.
2012-ci ildə FİFA referisi statusu alan almaniyalı UEFA-nın 2-ci kateqoriyalı hakimidi. 2016-cı ildə “Bavariya” ilə Dortmund “Borussiya”sı arasında Almaniya kubokunun finalını (4:3) idarə edən Frits beynəlxalq matçlarda da iş başında olub.
O, əsasən yığmaların seçmə, klubların təsnifat oyunlarında baş hakim funksiyasını yerinə yetirib. 2015-ci ilin sentyabrında Albaniya və Portuqaliyanın U-21 yığmalarının oyununu (1:6) idarə edəndən sonra UEFA Fritsə təxminən 22 ay baş hakim kimi təyinat verməmişdi. Onun dönüşü Bakıda gerçəkləşəcək.
Yolları Azərbaycan komandaları ilə kəsişməyən almaniyalı AVRO-2016-nın da iştirakçısıdı. Frits qitənin ən nüfuzlu yarışında əlavə köməkçi hakim kimi meydana çıxıb. O, Çempionlar Liqasının ötən ay keçirilən “Real” – “Yuventus” final matçında da eyni funksiyanı yerinə yetirib.