“Qəbələ”dən ayrıldıqdan sonra klubsuz qalan Aleksey Antonovun karyerasını Rusiyada davam etdirmək arzusu da reallaşmayıb. Apasport.az saytı xəbər verir ki, ukraynalı hücumçu “Anji”də baxışdan uğurla keçə bilməyib.
Nəticədə Mahaçqala təmsilçisi onunla müqavilə imzalamaq istəməyib.
Bununla bağlı ölkəsinin mətbuatına açıqlama verən Antonov “Anji”yə keçidinin alınmamasını belə izah edib: “Klub rəhbərliyi bizi faktla üzbəüz qoydu. Baş məşqçi ilə ünsiyyətimiz, ümumiyyətlə, olmadı. Buna görə də, bizim “Anji”də qalmamağımızın səbəbi ancaq ehtimalların üzərində qurula bilər”.
“Anji”də bəyənilməməsi 30 yaşlı futbolçuya pis təsir edib. O, özünə gəldikdən sonra yenidən komanda axtarışına çıxacağını vurğulayıb: “Ukraynaya qayıtdım. Sonrası necə olacaq? İlk növbədə, bu şokdan ayılmalıyam. Sonra isə yenidən klub axtarışını davam etdirəcəyəm”.
Qeyd edək ki, 2015-2016-ci illərdə “Qəbələ”də oynamış Antonov “qırmızı-qaralar”ın heyətində Azərbaycan çempionatında keçirdiyi 32 oyunda 7 qola imza atıb.