“Qəbələ” 2016-2017-ci illər mövsümünə hazırlığın 1-ci mərhələsini başa vurub. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Bakıda keçirilən təlim-məşq toplanışını ikinci yoxlama matçı ilə yekunlaşdırıb.
Roman Qriqorçukun yetirmələri 2 gün öncə olduğu kimi yenə “Bakı” ilə görüşüb. Qarşılaşma paytaxtın eyniadlı təmsilçisinin bazasının stadionunda baş tutub. “Qəbələ” oyunun hər hissəsinə fərqli heyətlə çıxıb.
Qarşılaşma “qırmızı-qaralar”ın böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0. Komandanın qollarına yeni transfer Filip Ozobiç, Vitali Vernidub və Ehtiram Şahverdiyev imza atıblar.
Paytaxtdakı toplanışı başa vuran “Qəbələ” yeni mövsümə hazırlığın ikinci mərhələsini Gürcüstanda keçirəcək. Sabah Tbilisidəki toplanışa start verəcək “qırmızı-qaralar” iyunun 26-dək keçəcəyi hazırlıq prosesində 3 yoxlama matçında qüvvəsini sınayacaq.