Bir tərəfdən Premyer Liqada və ölkə kubokunda mübarizəni davam etdirən “Qəbələ” digər tərəfdən də gələn mövsümün planlarını cızır. Apasport.az saytının məlumatına görə, bu günlərdə “qırmızı-qaralar”ın düşərgəsinə daha bir futbolçu qoşulub.
Bu, Ukraynanın “Olimpik” klubunun keçmiş oyunçusu İsa Şerifdi. Bir neçə gündü ölkəmizdə olan 25 yaşlı yarımmüdafiəçi “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun etimadını qazanmağa çalışıb.
Lakin klubdan saytımıza verilən məlumata görə, nigeriyalı futbolçunun hazırkı durumu ukraynalı mütəxəssisin ürəyincə olmayıb. Ötən ilin sonunda “Olimpik”dən ayrılan və 3 aydı klubsuz qalan Şerifin hazırlıq səviyyəsi yetərincə olmayıb. Bu üzdən də onun bu həftə geri göndərilməsi qərara alınıb.
Qeyd edək ki, 2012-2015-ci illərdə “Olimpik”in formasını geyinən İsa Şerif Donetsk klubuna keçməzdən əvvəl 3 il ölkəsi Nigeriyada “Kano Pillars”da çıxış edib.