“Şakir Qəribov otursun yerində, danışmasın” - MÜSAHİBƏ
17.03.2014 - 11:49
“Şakir Qəribov otursun yerində, danışmasın” - MÜSAHİBƏ

AZAL klubunun vitse-prezidenti Vaqif Qasımovun apasport.az saytına müsahibəsi

 

- Vaqif Sadıqovun istefaya göndərilməsi bir qədər gözlənilməz oldu. Onunla yollarınızı ayırmağı zəruri edən səbəbləri bilmək istərdik...

- Səbəb nəticələrdən razı olmamağımızdır, başqa nə olacaq ki? İki mövsümdür işləyir, bir şey yoxdur. Ötən il çempionatı 7-ci pillədə başa vurduq, indi isə 8-ci sıradayıq.

 

- Baş məşqçi dəyişikliyinin “Neftçi” ilə oyun ərəfəsində gerçəkləşməsi təsadüfidir? Olmazdı ki, komandanı bu oyuna çıxardaydı, sonra istefası haqda götür-qoy edərdiniz?

- Bu məsələ klub prezidenti səviyyəsində həll olunub. “Neftçi”ni udsaydıq, nə olacaqdı ki, 1-ci yerə çıxacaqdıq? 

 

- Təbii ki, yox. Elə biz də onu bilmək istəyirik ki, baş məşqçidən avrokuboka düşməyi tələb etməkdə gecikməmisiniz ki?

- Bu məsələ çoxdan qoyulub. Baxdıq ki, artıq şansımız tam tükənir, dəyişikliyi lazım bildik. Yayda dəyişməkdənsə, indi yaxşıdır. Yeni baş məşqçinin komanda ilə tanış olmaq üçün əlavə vaxtı olacaq.

 

- Əldə etdiyimiz məlumata görə, bir müddət öncə baxışda olan, lakin bəyənilməyən futbolçuların Sadıqovun istefasına öz təsirini göstərib. Vaqif bəy qalmalarını istəyib, rəhbərlik razı olmayıb. Bu, həqiqətdir?

- Yox, bunun məsələyə dəxili yoxdur.

 

- Həmin futbolçular klubun təşəbbüsü ilə baxışa gəlmişdilər, yoxsa baş məşqçinin?

- Transfer işi belədir ki, menecerlər tapıb gətirməli, baş məşqçi qərar verməlidir. Özləri gətirdiklərini gördüm də.

 

- “Neftçi” ilə oyunda komandanı meydana çıxaran köməkçi-məşqçi Şakir Qəribov matçdan sonra təşkil edilən mətbuat konfransında uğursuzluqda rəhbərliyin də günahı olduğunu söyləyib. O, iradında haqlıdır?

- Gördük də necə məşqçi olduğunu. Komanda 0:2 hesabı ilə uduzur, bu gözləyib, oyunun qurtarmasına 5 dəqiqə qalmış əvəzetmə edir. Şakir Qəribov otursun yerində, ümumiyyətlə danışmasın. Kimi gəldi gətirib yığmısınız bura. Onun tanışdır, bunun tanışıdır, doldurmusunuz komandaya. İndi başlayıb ki, bizim səhvimiz var, günahı rəhbərliyin boynuna atır.

 

- Ancaq nəzərə alın ki, komandanın büdcəsi də azalmışdı...

- Gedənin arxasınca danışmazlar. Oldu, keçdi. Fakt budur ki, nəticə yoxdu. Düzdü, büdcə azalmışdı, ancaq 7-8-ci yer çox zəif nəticədir.

  

- Yeni baş məşqçi ilə bağlı seçim edərkən niyə məhz Tərlan Əhmədova üstünlük verdiniz?

- Tərlan bizə yad deyil, komanda yaranandan yanımızda olub. AZAL-ın formalaşmasında onun da rolu var, çox əziyyət çəkib. Onun ən uyğun variant olduğunu düşünürük.

0