Azərbaycan çempionatının I divizionunda çıxış edən “Şəmkir” baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, ikiqat Azərbaycan çempionu növbəti 5 tura Kamran Əlibabayev olmadan çıxacaq.
Buna AFFA-nın İntizam Komitəsinin qərarı səbəb olub. Belə ki, “Şəmkir” – “Şahdağ” qarşılaşması başa çatdıqdan sonra baş məşqçi hakimlər briqadasını təhqir edib.
Onun hərəkətini bugünkü iclasında müzakirə edən komitə Əlibabayevi 5 oyun cəzalandırıb. Qərblilər çalışdırıcı üçün 500 manat cərimə ödəməli olacaq.
Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan matçın hakimlər briqadasında Elgün Hüseynov, Aleksandr Musatkin, Vüqar Bayramov və Namiq Bəkirov yer alıblar.