“Son iki qələbə və “Monako” önündə sərgilədiyimiz oyun doğru yolda olduğumuzu göstərir”. Apasport.az saytının məlumatına görə, bunu “Sent-Etyen”in yarımmüdafiəçisi Cordan Veretu deyib.
Bu yay “Aston Villa”dan icarəyə götürülən fransalı futbolçu yerli mətbuata açıqlamasında yeni komandasının hazırkı durumunu dəyərləndirib. Fransa çempionatında işlərinin qaydasına düşdüyünü söyləyən 23 yaşlı oyunçu Avropa Liqasındakı çıxışları barədə də fikir bildirib.
Veretu IV tur çərçivəsində “Qəbələ” ilə keçiriləcək səfər qarşılaşmasından da danışıb: “Ardıcıl uğurlu nəticələr bizi aldatmamalıdı. Soyuqqanlılıqla yolumuza davam etməliyik. Həm Avroliqada “Qəbələ”, həm də Liqa 1-də “Kan”la matçı yüksək səviyyədə keçirdik və layiqli qələbə qazandıq. “Qəbələ” ilə Bakıdakı oyunda da bu seriyanı davam etdirmək lazımdı. Fransakı görüşdə rəqibin güclü və zəif tərəflərini gördük. “Kan”dan fərqli komandadı, müdafiədə etibarlı oynayır. Bilirik ki, Bakıda işimiz daha çətin olacaq. Ancaq qrupdakı vəziyyətimizi yaxşılaşdırmaq üçün mütləq qələbə ilə dönüb, “Mets”lə çempionat matçına yüksək əhval-ruhiyyədə hazırlaşmalıyıq”.
Qeyd edək ki, “Qəbələ” – “Sent-Etyen” oyunu noyabrın 3-də 8-ci km qəsəbə stadionunda keçiriləcək.