[b]“Sevgilimdən gələn təbrik özəl oldu” – millimizin qapıçısı[/b]
03.04.2018 - 15:45
[b]“Sevgilimdən gələn təbrik özəl oldu” – millimizin qapıçısı[/b]

Futzal üzrə Azərbaycan millisinin və “Araz” klubunun qapıçısı Rövşən Hüseynlinin bu gün 27 yaşı tamam olur. Apasport.az saytı xəbər verir ki, hazırda Türk Universiadasına hazırlaşan millinin qolkiperi Azərbaycan Futzal Federasiyasının rəsmi feysbuk səhifəsinə müsahibəsində ötən günlərə nəzər salıb, arzularını dilə gətirib.


- 27 yaşınızda özünüzü necə hiss edirsiniz?
- (gülür) Hələ də 27 yaşımda olduğuma inanmağım gəlmir. Özümü çox yaxşı, gümrah hiss edirəm. Artıq təbrikləri, hədiyyələri qəbul edirəm. Karyera baxımından fikirləşəndə, üzülürəm. Çünki 27 yaşım var, hələ də böyük uğur qazanmamışam.
 

- İnsan var ki, yaşının üstə yaş gələndə kövrəlir. Bir qrup isə tez yaşlanmaq istəyir. Sizi hansı kateqoriyaya daxil edək?
- Razıyam, hər iki kateqoriyaya aid insanlar var. Əksinə, hərdən özümü qınayıram ki, niyə bəzi şeyləri vaxtında etmədim, gecikdirib, bu yaşıma saxladım? Nə illərin sürətlə keçməsini, nə də ötən günlərin yenidən yaşanmasını azulayıram. Yaşadıqlarıma görə xoşbəxtəm, amma karyeramı tez bitirməyi də arzulamıram. Yaş üstə yaş gəldikcə, insan dolğunlaşır.
 

- Şəxsi həyatınızda və karyeranızda nələri qazanmısınız?
- Şəxsi həyatımda hamıya arzulayacağım qədər xoşbəxtəm. Möhkəm, əvəzolunmaz dost qazanmışam, özümə dayaq hiss edəcəyim etibarlı insan qismətim olub. Ailəmin dəstəyini də hər zaman hiss edirəm, onların varlığı uğurlarımın bir parçasıdı. Karyerama gəldikdə, son 4-5 ildə yüksəliş yaşandı. “Araz”la ardıcıl çempionluq qazandım, milli komandaya yüksəldim, dəfələrlə Avropa çempionatının final mərhələsində iştirak etdim. Bundan başqa, dünya çempionatı kimi yarışda millinin formasını geyinmək qismətim oldu. Bu qədər yarışda iştirak etmək böyük uğurdu. Az da olsa, komandamıza kömək etdim, diqqət mərkəzinə düşdüm. Ancaq bunlarla qane olmaq istəmirəm. Avropanın ən yaxşı qapıçısı olmaq və qitə birinciliyinin kubokunu ölkəmizə gətirmək istərdim.


- Təbrikini gözlədiyiniz xüsusi kimsə varmı?
- Əlbəttə, elə insan var. Sevgilimdən gələn təbrik özəl oldu. Xüsusi təbrik isə adını çəkmək istəmədiyim, mənim üçün çox hörmətli birindən gəldi. Dəyərli və diqqətli olmaq gözəldi.
 

- Subaylıq sultanlıqdı?
- Nişanlıyam. Subaylıq sayılsa da, sultanlıq deyil (gülür). Hörmət, dəyər və istək hər şeydən önəmlidi.
 

- Təbrik üçün hədiyyə mütləqdi, yoxsa quru sözlə də kifayətlənmək olar?
- Yalan danışmayacam, bəzi insanlar var ki, onlardan hədiyyə qəbul etməyi xoşlayıram və hər zaman gözləyirəm. Ancaq şablon olmayan və ürəkdən gələn hər bir təbrik sevindiricidi və cavabsız qalmır.
 

- Ad günlərini xüsusi qeyd etməyi xoşlayırsınız?
- Çox xoşlayıram. Ad günü məclislərim adətən 3-4 gün davam edir. 
 

- Ad gününü 3-4 gün qeyd edən Rövşən yəqin 7 gün, 7 gecə toy çaldıracaq...
- Toyun bu qədər davam edəcəyini deyə bilmərəm. Çünki qohum-əqrəbanı ancaq bir günlük bir yerə yığa bilərəm. Ancaq ad günü məclisi yığcam olur. Hər dəfə fərqli kompaniya qururuq.
 

- Heç ad gününü səfərdə qeyd etmisiniz?
- Səfərdə yox, təlim-məşq toplanışlarında qeyd etmişəm. Ancaq 2-3 saatlıq icazə alıb, özümü evə çatdırmışam. Açığı, 27 ildə cəmi 8-9 dəfə ad günümü dəqiq tarixdə qeyd etmişəm. Qalan vaxtlarda məcburiyyətdən ya əvvələ çəkmişəm, ya da sonraya keçirmişəm. 14 ildi futboldayam, bunun baş verməsi təbiidi.
 

- Karyeranızla bağlı arzularınızı çatdırdınız. Niyəsə bizim idmançılar şəxsi həyatları ilə bağlı danışmağı sevmirlər. Bəlkə ənənəni pozasınız?
- Hər bir insanın iş, karyera ilə yanaşı, şəxsi həyatına dair də arzuları var. Şəxsi həyat və ailə hər şeydən önəmlidi. Xoşbəx olmasan, karyeranda yüksəliş yaşaya bilməzsən. Bu gün irəliyə addım atmışamsa, bu, xoşbəxtliyimin göstəricisidi. Şəxsi həyatımla bağlı arzum, istəyim çoxdu. Ən əsası, subaylığın daşını atmaq, valideyinlərimizi sevindirmək istəyirəm.