Avropa Liqasının J qrupunda yer alan “Qarabağ” bu gün V tur çərçivəsində “Slovan”ın qonağı olacaq. Apasport.az saytının Çexiyaya ezam olunmuş əməkdaşının məlumatına görə, Liberets şəhərində matça maraq çox azdı.
Dünən kiçik şəhərdə bir qədər “kəşfiyyat” apardıqdan sonra “Slovan” – “Qarabağ” görüşünün yerli əhali üçün önəmsiz oyun olduğu qənaətinə gəldik. Düzdü, 1-2 tramvayın üzərində matçın reklamı vurulub.
“U Nisi”nin varlığından xəbərsiz şəhər
İnsanlara yaxınlaşdığımız zaman onlarda futbola soyuqluq müşahidə etdik. Liberetsdə hər kəs öz həyatını yaşayır, futbol əksəriyyətini maraqlandırmır. Aralarında nəinki “Qarabağ”ı, hətta “Slovan” komandasını tanımayanlar da oldu. Bir çoxları “U Nisi” stadionunun yerini bilmək bir tərəfə, onun varlığından belə xəbərsizdi. Kimə yaxınlaşırdımsa, bizdən qaçır, danışmaq istəmirdi. Bununla belə, razı sala bildiyim bir neçə nəfər oldu.
“Nə edəcək ki?”
Liberetsdə böyük ticarət mərkəzində çalışan Miroslav Juralek qısaca futbola ayıracaq vaxtının olmadığını bildirdi: “Futbol mənlik deyil. İndiyə qədər heç vaxt stadiona getməmişəm, bundan sonra da getmək fikrim yoxdu. Bizim ən böyük komandamız Avropada heç nə edə bilmir, “Slovan” nə edəcək ki?”
“Bu vəziyyətdə Azərbaycanda 1 xal alıbsa...”
Mərkəzi küçədə müsahib seçdiyim Lyubomir Kluşek isə “Slovan”dan küsüb. O, komandasının Çexiya çempionatının aşağı pillələrində qərarlaşmasını həzm edə bilmir: “Komandamızın yaxın keçmişdə çempionluğu, Avrokubokda uğurlu nəticələri olub. Amma 4 ildi istədiyimiz “Slovan”ı izləmirik. Əvvəllər stadiona gedirdim. Ancaq indi əsas oyunları vaxt tapanda televiziyadan izləyirəm. “Qarabağ”ın da necə komanda olduğunu bilmədiyim üçün hansısa proqnoz verə bilmərəm. Amma “Slovan” bu vəziyyətdə Azərbaycanda 1 xal alıbsa, yəqin burda qalib gələr”.
“Qorxuram ilk “onluğ”a da düşməsin”
Digərlərindən fərqli, qaldığımız otelin yaxınlığında söhbətləşdiyimiz Yan Sobota “Slovan”ı tanıyır. O, sevimli komandalarının cari mövsümdəki uğursuz çıxışına təəssüfləndiyini söylədi: “Təəssüf ki, “Slovan” son illər yaxşı vəziyyətdə deyil. Milan Baroş gələndən sonra komandanın dirçələcəyinə ümidimiz artdı. Amma tək Baroşla da iş bitmir. Yenə ötən mövsüm çempionatda 3-cü yeri tutdu. Qorxuram ki, bu mövsüm heç ilk “onluğ”a da düşməsin. Komandamız Avropa Liqasında da zəif çıxış edir. Çox cüzi şans qalsa da, “Slovan”ın mərhələ adlayacağına inanmıram”.
“Acı da olsa deməliyəm ki, favorit “Qarabağ”dı”
Ötən ay DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Çexiya – Azərbaycan (0:0) oyununu da izləyən gənc Yiri Yançek isə əsl futbol “xəstəsi” çıxdı. O, “Qarabağ”ın qələbə qazanacağını proqnozlaşdırdı: “Futbolu çox yaxşı bilirəm, “Slovan”ın və milli komandamızın oyunlarını qaçırmamağa çalışıram. Məsələn, uzaq olsa da, keçən ay Çexiya – Azərbaycan matçı üçün Ostravaya getmişdim. Həmin vaxt komandanızın bəxti gətirmişdi. Amma “Slovan” yığmamız qədər güclü deyil. “Qarabağ”ın əksər futbolçularının yığmada oynadığını da bilirəm. Üstəlik, PAOK kimi komandadan 6 xal almısınız. Acı da olsa deməliyəm ki, favorit “Qarabağ”dı. Baroş da oynamasa, “Slovan” uduzacaq”.
“Siz gimnastlarımızı dəstəkləyin, biz də “Qarabağ”ı”
Liberetsdə yeniyetmələr arasında gimnastika üzrə dünya çempionatında iştirak edəcək Ukrayna millisi bizimlə eyni oteldə qalır. Qızı millinin tərkibində yer alan ukraynalı valideynlərdən biri ölkəmizdə fəaliyyət göstərən həmyerlilərindən xəbərsiz olduğunu dedi. Nə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuku, nə də ukraynalı futbolçuları tanıyan qonaq “Qarabağ”ın oyununa getmək təklifimizi də geri çevirmədi: “Açığı, futbola elə böyük marağım yoxdu. Bura qızımın yarışına baxmağa gəlmişəm. Daha doğrusu, onun sponsoruyam (gülür). Həftə sonuna qədər burdayıq. Qızımın yarışı sizin komandanızın oyunu ilə eyni gündədi. Sizdən də zala gəlib Ukraynanı dəstəkləməyinizi gözləyirəm. Axı biz mehriban ölkələrik. Ümid edirəm ki, yarışdan sonra əhvalımız yüksək olar, axşam vaxt tapıb biz də “Qarabağ”ı dəstəkləməyə gedərik”.
Qeyd edək ki, “Slovan” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Ruslan SADIQOV / Liberets, Çexiya