[b]“Stolba” olmayanda oyunumuz pozulur” – MÜSAHİBƏ[/b]
24.01.2018 - 00:41
[b]“Stolba” olmayanda oyunumuz pozulur” – MÜSAHİBƏ[/b]

Avropa çempionatının final mərhələsinə hazırlaşan futzal üzrə Azərbaycan millisi bu gün İran yığması ilə yoldaşlıq oyunu keçirib. Yığmamızın ilk qolunu vuran İsa Atayev matçdan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Oyunla bağlı nələri qeyd etmək istədiniz?

- Üçüncü dəfədir ki, onlarla qarşılaşırıq və oyunumuz eyni – 3:3 hesabı ilə başa çatır. Çox güclü komandadı və oturuşmuş heyətə sahibdilər. Biz isə yorğun idik, ona görə tez-tez əvəzetmədən istifadə edirdik. Üstəlik, əsas oyunçularımızdan olan Thaqo da zədə səbəindən bizə kömək etmirdi. Oyunumuz adətən “stolba”nın üzərində qurulur. Ancaq bu dəfə fərqli taktika ilə çıxış etdik. Thaqonun yoxluğunda bu taktika ilə oynayırıq. Təbii ki, uyğunlaşmaq üçün vaxt lazımdı, 2 gün ərzində bunu mənimsəmək və tətbiq etmək çox çətindi. Biz adətən 3 müdafiəçi 1 “stolba” ilə oynayırıq.

 

- Bu sxemə öyrəşmək çətin olmayacaq?

- Əslində, yaxşı sxemdi. Alesio yaxşı məşqlər keçir. Uyğunlaşmaq üçün vaxtımız var. Fransa və İspaniya ilə oyunlarda bəhrəsini görəcəyik.

 

- Fransa ilə oyunda bu sxemdən istifadə edəcəksiniz?

- Bu oyun İspaniya kimi güclü rəqiblə matçdan seçilmir. Fransa ilə oyunda fərqli çıxış edəcəyik. Ancaq İspanlarla dueldə demək olar, bundan istifadə edəcəyik.

 

- İkinci oyun üçün gücünüz qalıbmı?

- Gücümüz var. Düzdü, hər gün 2 məşq keçirdik. Ancaq tapşırığın öhdəsindən gələcəyik.

 

- Müdafiədə çox səhvlərə yol verdiniz. Nədən irəli gəlirdi?

- Səhvlər olmalıdı. Rəqibimiz də güclü, təcrübəli komandadı. Həm də ki, səhvsiz komanda yoxdu.

 

- Millimiz Avropa çempionatına neçə faiz hazırdı?

- 60-70 faiz hazırdı. Qalan vaxtda zədəli oyunçumuz da sağalacaq, sonradan qoşulanlar da tam formaya düşəcək və Sloveniyaya hazır yollanacağıq.

0