“Sumqayıt” klubunun hücumçusu Vaqif Cavadovun apasport.az saytına müsahibəsi
- Qış fasiləsi artıq başa çatır. Təlim-məşq toplanışı ürəyinizcə oldu?
- Məncə, yaxşı hazırlıq keçdik. Antalyaya nəyə gedirik? Təbii ki, ikinci yarıya hazırlaşmaq üçün. Uğurlu hazırlıq keçdik, istədiyimiz tempə düşdük. Orda olduğumuz bir həftə ərzində 4 yoxlama görüşü keçirdik. Bunun yalnız birində məğlub olduq. Digər qarşılaşmaların 1-də qələbə qazandıq, 2-də heç-heçə etdik. Düzdü, yoxlama görüşlərində qalib gəlməyin və ya uduzmağın elə bir önəmi yoxdu. Amma qələbə qazanmaq hər zaman yaxşı haldı. Futbolçuya əlavə ruh yüksəkliyi verir.
- Yanvarın 30-da Topaz Premyer Liqasının XIX turu çərçivəsində “Neftçi” ilə qarşılaşacaqsınız. Bu görüşə tam hazırsınız?
- Bizi ağır oyun gözləyir. Amma inanıram ki, yaxşı hazırlıq keçməyimiz köməyimizə çatacaq. Oyuna kimi tam hazır olacağıq.
- Bəs ikinci yarıdakı mübarizəyə necə, hazırsınızmı?
- Bu sualın cavabını baş məşqçi daha yaxşı bilər. Bir futbolçu kimi onu deyə bilərəm ki, pis komanda deyilik. Onsuz da, “Sumqayıt” bu mövsüm oyun baxımından pis təsir bağışlamır. Qış fasiləsində bir az da məşq edib daha yaxşı formaya düşdük. Çatışmayan cəhətlərin üzərində çalışdıq. Çempionat oyunları hazır olduğumuzu göstərəcək.
- Bu komandanın yeni transferlərindənsiniz. Kollektivə uyğunlaşmaqda çətinlik çəkmədiniz?
- Uyğunlaşma prosesində böyük problem yaşamayacam. Sadəcə, bir müddət oyunlarda uyğunlaşma prosesi gedə bilər. Toplanış zamanı 3 yoxlama görüşündə iştirak etmişəm. “Neftçi” ilə matça özümü tam hazır sayıram.
- İndiyə qədər əsasən təcrübəli futbolçuların çoxluq təşkil etdiyi klublarda çıxış etmisiniz. “Sumqayıt” isə gənclərdən qurulub. Gənclərlə çalışmağın nə kimi çətinlikləri var?
- Müəyyən qədər çətinlik ola bilər. Amma təcrübəlilərlə gənclərin vəhdətindən yaxşı komanda formalaşdırmaq olar. “Sumqayıt”da bir neçə təcrübəli futbolçu var, yəni mən tək deyiləm. Düşünürəm ki, yaxşı kollektiv qurulub. Bu kollektivlə uğur qazanmaq olar. Sadəcə, istək olmalı və hər bir futbolçu öz məsuliyyətini dərk etməlidi.
- Səlahət Ağayev və Rasim Ramaldanov da “Sumqayıt”a keçdi. Bütün bunlar “Sumqayıt”ın ilk yarı ilə müqayisədə daha iddialı olacağından xəbər vermir?
- Biz elə komanda seçdik ki, həm oynamağı sevir, həm də nəyəsə nail olacaq gücdədi. Kollektivdə hamı qələbələr qazanmaq istəyir. Əzm futbolçu üçün böyük üstünlükdü. İnsan əgər nəyəsə nail olmaq istəyirsə, onun üstünə getməlidi. Bizdə də belə oyunçular toplaşıb.
- 4-cü pillədəki komandadan 10 xal geri qalırsınız. Avrokuboka vəsiqə qazanmaq şansınızın olduğunu düşünürsüz?
- Məncə, yuxarı pillələrdəki komandalarla aramızda böyük fərq yoxdu. Hər şey özümüzdən asılıdı. Futbolda mümkünsüz heç nə yoxdu. Bəzən görürsən ki, heç kimin gözləmədiyi komanda medal qazanır. Üstəlik, Azərbaycan çempionatında komandalar arasında güc fərqi minimumdu. Sadəcə, meydana çıxanda qələbə qazanmaq, komandaya kömək etmək barədə düşünmək lazımdı. Bunu edə bilsək, inanıram ki, heç bir problem olmayacaq.
- Yenidən yığma komandaya çağırılmağınız üçün əvvəlki formanı bərpa etməlisiniz. Bunun üçün sizə nə qədər vaxt lazımdı?
- Formaya düşmək üçün bir yox, bir neçə oyun keçirməlisən. Əslində, indi də formadayam. Amma daim oynasam, daha yaxşı olar. “Sumqayıt”a keçməyimdə əsas məqsəd müntəzəm çıxış etməkdi. Klubunda az oynayanda milliyə necə düşə bilərsən? Bir ayda iki oyuna çıxmaq azdı. Bunun üçün gərək hər həftə meydanda olasan. Komanda seçimi zamanı da bunu nəzərə almışam. Yığmanın baş məşqçisi də dəfələrlə deyib ki, klubunda oynayan uşaqları çağıracam. Burda müntəzəm çıxış etsəm və yenə çağırmasa, “baş məşqçinin fikridi” deyib, öz oyunuma baxacam.
- Baş məşqçi Samir Abasov sizi hücumda oynatmağı düşünür. Uzun müddət cinahda çıxış etmiş bir futbolçu kimi, mövqe dəyişikliyi zamanı çətinliklə üzləşmədiniz?
- Hücumda oynamaq mənim üçün problem olmayacaq. Çünki əvvəllər də bu mövqedə çıxış etmişəm. Baş məşqçi harda məsləhət görsə, o mövqedə də oynayıb, komandama xeyir verməyə çalışacam.
- Çempionluğa iddia edən “Qəbələ”ni “Sumqayıt”a dəyişmək geriyə atılmış addım deyil?
- Məncə, məsələyə turnir cədvəlinə əsasən yanaşmaq doğru deyil. Bəli, “Qəbələ” güclü komandadı. Amma “Sumqayıt” da yaxşıdı. Beş addım geri, bir addım irəli getməkdənsə, bu daha yaxşıdı. Hər bir futbolçunun öz arzuları var. Mən nəyəsə nail olmaq istəməsəydim, “Sumqayıt”a gəlməzdim. “Sumqayıt”da yaxşı nəticə qazanacağıma inanıram.
Ruslan SADIQOV